ELANLAR

1238

Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq.

07.10.2020
Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Bakı" Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il oktyabr ayının 12-i saat 20:00-da Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq.  

Sərgi Ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunur. 

Sərgi Ermənistan tərəfindən işğal olunmuş doğma torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə həyata keçiriləcək.  

Sərginin ekspozisiyası Azərbaycan ziyalısı kimi Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarət olacaq.  

Elturan Əli oğlu Avalov 20 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1957-1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq ixtisası üzrə təhsil almışdır.

Qrafika rəssamı kimi onun yaradıcılığı çoxşaxəlidir. Azərbaycan klassiklərinin əsərlərinə çəkdiyi illustrasiyaları ilə yanaşı musiqi əsərlərindən “Reyhan”, “Ay bəri bax”, “Güləbatın”, “Qoy gülüm gəlsin, ay nənə” kimi mahnılarına çəkdiyi qroteskli karikaturaları, realistik üslubda işlədiyi “Hacı Murad” və “Bəstəkar Fikrət Əmirov”, “Sevil”, “Neftçilər” adlı portretləri buna nümunədir. Rəssamın Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarına çəkdiyi rəsmləri böyük mütəfəkkirin əsərlərinin məzmununu təsviri sənətdə açıqlamaqla yanaşı xalqımızın özünəməxsus yaşam tərzini incə yumorla təsvir edir. Rəssamın Şuşadakı “Seyidli məhəlləsi”nin, “Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin, “Aşağı Gövhər Ağa məscidi”ndə yerləşən məhəllənin, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazası” kimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin qrafik rəsmlərini tarixi abidələrin “Daşlaşmış poeziya”sı adlandırmışdır.    

Rəssama memarlıq və təsviri sənət sahəsindəki xidmətlərinə görə 1991-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Elturan Avalovun qrafika işlərindən ibarət kataloqu çap olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya, komendant saatı şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.