ELANLAR

2339

Toğrul Nərimanbəyovun Anım günü

14.06.2018
Toğrul Nərimanbəyovun Anım günü

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə 2018-ci il 14 iyun tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənt Muzeyində Toğrul Nərimanbəyovun anım günü keçiriləcəkdir.
Təşkil olunan tədbirin əsas məqsədi vəfatının 5-ci ildönümündə Toğrul Nərimanbəyovun əziz xatirəsini yad etməkdir.
Tədbirdə, Xalq rəssamları və sənətşünaslar Toğrul Nərimanbəyov haqqında çıxışları nəzərdə tutulur.
Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Toğrul Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir.
Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. Toğrul Nərimanbəyov insanların daxili aləminin təsvirini verən portretləri öz orijinallığı ilə seçilmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır.
Rəssamın portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünyanın sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
Rəssam 1967-ci ildə Azərbaycan "SSRİ Xalq rəssamı", 1989-cu ildə "SSRİ Xalq rəssamı adına" layiq görülmüş, 1980-ci ildə SSRİ mükafatı, 1974-cü ildə "Azərbaycan SSRİ Dövlət mükafatı" almış, 2000-ci ildə “İstiqlal”, 2010-cu ildə “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Fransanın Paris şəhərində vəfat etmiş, şəhərin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.
Tədbirdə, Toğrul Nərimanbəyovun həyat və yaradıcılığını əks etdirən foto-materialların nümayişi nəzərdə tutulur.