ELANLAR

1974

Paytaxtdan bölgələrə - Rafiq Mehdiyev

10.10.2018
Paytaxtdan bölgələrə - Rafiq Mehdiyev

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 10 oktyabr 2018-ci il tarixində saat 15:00-da anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycanın Xalq rəssamı Rafiq Mehdiyevin əsərlərinin Qazax rayonundakı H.Əliyev Mərkəzində təqdimatı keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, ilk dəfə bu layihə 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib. 
Rafiq Mahmud oğlu Mehdiyev 1933-cü il iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. O, 1948-1953-cü illərdə Əzim Əzimzadə adına rəssamlıq texnikumunda, 1953-1958-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsində təhsil almışdır. 
Rafiq Mehdiyevin yaradıcılığının formalaşıb inkişaf etməsində rus rəssamlıq məktəbinin böyük təsiri olmuşdur. Rəssam 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi” və “Ümumittifaq təsviri incəsənət sərgisi”ndə iştirak etmişdir.
Rəssam kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərmişdir. O, Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqalı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkmişdir. 
Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur.
Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimov “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilmişdir.
Rafiq Mehdiyev monotipya texnikasında bir sıra əsərlər yaratmışdır. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar. 
Rəssam dəzgah qrafikası ilə yanaşı gözəl rəngkarlıq nümunələri yaratmışdır. O, 1965-ci ildə Moskvada təşkil olunmuş “Sülhün keşiyində” Ümumittifaq bədii sərgisində nümayiş etdirilən “Həyat” tablosu, elə həmin il Bakıda təşkil olunmuş “Sülhün keşiyində” respublika bədii sərgisində də iştirak etmişdir. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları nümayiş olunmuşdur.
Rafiq Mehdiyev 1980-cı ildə əməkdar rəssam , 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və Xalq rəssamı fəxri adına layiq görülmüşdür. O, 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. 

Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.