ELANLAR

2128

Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi

24.10.2018
Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi

        24-30 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında (Ünvan: Muzey Mərkəzi, Bakı şəh, Neftçilər pr. 49) keçiriləcək rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi çərçivəsində müəllifin 55 rəngkarlıq, 30 qrafika və 12 bədii keramika əsəri nümayiş olunacaqdır. Sərgi rəssamın anadan olmasının 65 illiyinə həsr olunur.

 Fərhad Həmzəliyev (1953-2008) o yaradıcı şəxslərdən idi ki, onlar üçün incəsənət həqiqətən həyatın yeganə və hər şeydən üstün işidir, mənasıdır. O incəsənətdə ilk baxışdan aydın hesab edilən və artıq çoxdan həllini tapmış kimi görünən işıq və rəng, forma və onun fəzadakı rolu, simmetriya və asimmetriya problemləri üzərində düşünürdü.

Müəllifin adı geniş tamaşaçı kütləsinə az tanışdır. Hətta rəssamlar arasında da onu heç də hamı tanımırdı.  Azərbaycan Memarlıq və İnşaat Universitetində Təsviri incəsənət kafedrasında 3 il pedaqoji fəaliyyət göstərib.

Fərhad Həmzəliyev  V.İ.Muxina adına Leninqrad Ali Sənaye-İncəsənət Məktəbini (hazırda A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Sənaye-İncəsənət Akademiyası) bitirmişdi. 

Onun rəsm əsərləri çoxşəkillidir. Onlar təkcə müxtəlif janrlara aid deyil, həm də rəsmin müxtəlif maneraları ilə icra edilib və bəzən bir-biri ilə tamamilə ziddiyyət təşkil edən istiqamətləri təmsil edirlər. Məsələn, obyektiv realizm və həndəsi abstraksionizm, dramatik ekspressionizm və sentimental romantizm kimi.

1990-cı illərin sonu, 2000-ci illər rəssamın yüksək yaradıcılıq fəallığı dövrü idi. O, rəngkarlıqla olduqca çox və şövqlə məşğul olur, ancaq bu zaman “Muxinka”nın dərslərini də unutmurdu. Şüşə və güzgülərlə, ağac və metalla, sevimli saxsı ilə eksperimentlər keçirir, bütün bunlar texniki yeniliklərlə, eləcə də köhnə mövzuların yeni interpretasiyası ilə diqqəti cəlb edən hansısa “obyekt”lərin yaradılmasına aparıb çıxardırdıhttps://azgallery.az.

Sərgi müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf etməyə imkan verir.