ELANLAR

1933

“Qrafika 2019” adlı rəsm sərgisi keçiriləcək

08.01.2019
“Qrafika 2019” adlı rəsm sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində  elan  olunmuş   “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8-18 yanvar tarixində Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Xatırlatmaq lazımdır ki, müsabiqə müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın  rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv  müraciət etmələrini stimullaşdırmaq  məqsədi ilə elan olunmuşdur.

Müsabiqəyə 380-dan çox  qrafika və qrafika  yönlü əsərlər təqdim  olunmuş, 76 əsər seçilərək  sərgidə iştirak etmək şansı qazanmışdır.

Sərgi davam etdiyi müddətcə müxtəlif tədbirlər, o cümlədən, qrafika  ustaları, gənc qrafiklər, mətbəə işçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sərgidə klassik və gənc qrafiklərin əsərləri yer alacaqdır.

Əsərlər  arasından I, II, III  yer, həvəsləndirici mükafat o cümlədən, qrafikanın müxtəlif texnikaları üzrə nominasiya mükafatları ilə təltif olunacaqlar. 

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.

Müsabiqənin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8 yanvar tarixində Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaqdır.