ELANLAR

2067

Əməkdar Rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən Rayonunda təqdimatı keçiriləcəkdir

03.11.2017
Əməkdar Rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən Rayonunda təqdimatı keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə”xüsusi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 3 noyabr 2017-ci il tarixində (saat 15:00) anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycanın görkəmli fırça ustası, Əməkdar rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən rayonundakı H.Əliyev Mərkəzində təqdimatı keçiriləcəkdir.

Qeyd edək ki, bu sərgi 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilir.

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Onun yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssamın  fərdi yaradıcılıq sərgisi 50 il bundan öncə - 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, 100 illik yubiley sərgisi isə cari il oktyabr ayının 27-də Muzey Mərkəzində keçirilmişdir.