ELANLAR

1796

“Gül Çələngi” adlı fərdi sərgi keçiriləcək

25.05.2019
“Gül Çələngi” adlı fərdi sərgi keçiriləcək

Xalçaçı-rəssam Eldar Hacıyevin “Qalereya-1969” da 27 May saat 19:00-da “Gül Çələngi” adlı fərdi sərgisi keçiriləcəkdir.

Eldar Rasim oğlu Hacıyev 1962-ci il dekabr ayının 03-ü Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. O, 1969-1979-cu illərdə Bakı şəhərində  20 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. 1979-1984-cü illər də M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Xalçaçılıq və Bədii toxuculuq” fakültəsinin Xalçaçı-rəssam ixtisasını başa vurmuşdur.  Eldar Hacıyev ali məktəbdə və eləcə də sonrakı illər ərzində xalça irsinin böyük bilicisi Lətif Kərimov, sənətşünaslıq doktoru, professor Kubra Əliyeva, Cəfər Müciri, Xalq rəssamı Nadir Əbdürrəhmanovdan xalçaçılıq və rəngkarlıq sənətinin sirlərinə yiyələnmişdir. O, 1997-ci ildən  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Eldar Hacıyev bir sıra sərgilərin iştirakçısı olmuşdur. Onun yaradıcılıq işləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın 2013-cü il noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgidə, 2013-cü il noyabrında Fransanın Reyn şəhərinin To sarayında Heydər Əliyev Fondu tərəfindən şairə Məshəti xanım Gəncəvinin 900 illik yubileyilə əlaqədar sərgidə, 2016-cı il dekabrında Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonu, “İlmələrin rəqsi” adlı fərdi sərgidə, 2018-ci il oktyabrda Art  Shopping Luvr Muzeyində, Parisdə 2018-ci il dekabrında “A la Caspienne”, 2019-cu il noyabr-fevral ayında Rusiya Federasiyasi, Moskva şəhəri, Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində, 2019-cu il aprel ayında Dubay şəhərində “Baku Breeze”,  2019-cu il mart ayında Nur Art House qalereyasında “Allı-Güllü Novruzum” və s. sərgilərdə iştirak etmişdir.