İncəsənət əsərlərinin növbəti auksionu keçirildi

07.11.2019 / Mühüm hadisələr
İncəsənət əsərlərinin növbəti auksionu keçirildi

Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirildi.

Bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata, Mahmud Rüstəmovun  “Qadın müxtəlif əhvallarda” əsərini isə 5610 manata alıcısını tapdı. Budəfəki auksionun ən bahalı əl işi olan “Atlar” əsərini iş adamı İsgəndər Xəlilov satın aldı.