sa sa 495
Fazil Nəcəfov- 85 illik heykəltəraş ömrü Fazil Nəcəfov- 85 illik heykəltəraş ömrü + Foto Fev 19, 2020 | 14:02 / Görüşlər

 

Fazil Nəcəfovun emalatxanasına daxil olanda bizi darvazanın qarşısında dayanan müxtəlif fiqurlu, bir qədər monumental heykəllər qarşıladı. Abşeron dənizinin mehi, havaya qarışan qumlu sahillərin tozu insanın ürəyinə qəribə sakitlik, nikbinlik gətirirdi. Təbiət, hər tərəfdən boylanan heykəllər açıq hava muzeyini xatırladırdı. Sanki heykəllər dil açıb danışacaq, bizi öz əhatəsinə alacaqdı. 

Bizi qarşılayan Fazil Nəcəfov nikbin əhvalla deyir: “əgər Tanrı mövcud olmasaydı, hələ də bu həyətdə gördüyünüz heykəllər olardımı?” Bu dərk olunması çətin yaradıcılıq insanı bir qəlibdən alıb digərinə baş çəkməyə məcbur edirdi. Rəssamın yaradıcı təfəkkürünü sorğulamağa, mövcudluğun yeni tərəflərinə boylanmağa vadar edirdi. 85 illik ömrün, axtarışların son nəticəsi olaraq xudbin bir əhvalla söylənilmiş fikir, yaxud hələ də dərk edilməsi mümkün olmayan gerçəkliyi tapmaq istəyi heykəltəraşı hələ də düşündürürdü.

Belə ki, Azərbaycan heykəltəraşlıq sənətində avanqard üslubun təsisçisi olan Fazil Nəcəfov 1935-ci ildə Bakıda dünyaya göz açıb. O, 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda heykəltəraşlığın sirlərini öyrənmişdir.

Rəssamın təhsil aldığı siyasi və mədəni mühit incəsənətdə ideoloji nəzarətin gücləndiyi zamanlar idi. Sosialist realizm qaydaları incəsənətin bütün sahələrində olduğu kimi heykəltəraşlıqda da öz sözünü deyirdi. Fazil Nəcəfov diplom işi üçün işlədiyi neftçilərin əməyinə həsr etdiyi kompozisiya rəhbəri Nikolay Vasilyeviç Tomiski tərəfindən sərt qarşılandı. Heykəltəraşın bu mövzuda daha ekspressiv həll etdiyi, fiqurların monumentallığı ilə seçilən bu dinamik kompozisiyaya  müraciət etməsi heç də təsadüfi deyildi, sözsüz ki, həmin dövrdə metal dirəklərin üstündəki estakadalar üzərində  salınan neft daşları, Xəzəri öz əhatəsinə alan bu möcüzə bütün yaradıcı insanaları ovsunlayırdı. Fazil Nəcəfov bütün tənqidlərə, “yuxarıların” göstərişlərinə baxmayaraq öz diplom işini qətiyyətlə dəyişdirmirdi.   Heykəltəraş bu gün həmin günləri xatırlayanda sənətkar üçün diplom yox, ən əsası yaratmaq üçün sağlam beyin və ürək lazım olduğunu əlavə edir.

Heç şübhəsiz ki, Bakıya diplomsuz qayıdan heykəltəraş dövrün öncülərindən olan, daha sonra 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinin qızıl dövrünə öz imzalarını yazdıracaq Cavad Mircavadov, Tofiq Cavadov, Kamal Əhməd, Rasim Babayev kimi rəssamlarla birgə Abşeronu dolaşması, yeni motiv axtarışları yaradıcılıq yolunun yeni mərhələsini təşkil etmişdir.

Fazil Nəcəfovun 1970-80-ci illərdə hazırladığı heykəllər öz emosianallığı, ifadəliliyi, fiqurların böyüdülmüş proporsiyalarına baxmayaraq estetikliyi ilə digər heykəltəraşlıq nümunələrindən fərqlənir, avanqard üslubun xüsusiyyətlərini özündə toplayırdı. 

Heykəltəraş müraciət etdiyi fiqurlarla insanın daxili aləmini, onun ağrı və acılarını, mövcudluğun dözülməz hallarını açmağa can atır. Bu fəlsəfi, insanı düşünməyə məcbur edən mövzular, həyatın sadə bir anını əbədiləşdirmə istəyindən qaynaqlanır. Onun müraciət etdiyi fəlsəfə yüklü mövzular, kompozisiyalar bir qədər mürəkkəbdir.

Yaşadığımız cəmiyyətin fərqli kateqoriyalarına müraciət etməsi “Korlar”, “Yatmış qoca”, “Ağrı, “Çılpaq qadın” kimi heykəl nümunələrini tədqiqat nöqteyi-nəzərdən yanaşıldıqda bu gün də aktual və baxımlı edir. Bu isə öz növbəsində heykəltəraşın öz əsrini geridə qoyub yeni üfüqlər adlamasına, onun klassik, hər zaman bəşəri ideyalara sadiqliyini  göstərir.

Heykəltəraşın sonuncu monumental işlərindən biri Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin abidəsi olmuşdur. Abidə üzərində işləyən Fazil Nəcəfov bəstəkarın yaradıcılığını araşdırmış, bir çox eskiz nümunəsi işlədikdən sonra nəhayət Qara Qarayev kimi nəhəngin qırmızı qranit üzərində ifadəliliyi və ekspressivliyinə nail olduğu heykəl kompozisiyanı 2014-cü ildə tamamlamışdır.  Azərbaycan mədəniyyətinə misilsiz irs qoyan Qara Qarayevin abidəsi ətrafında hələ də onun əsərləri canlanır, bəstələdiyi musiqi melodiyaları ətrafa səs salır.

Abşeronun hər daşına, fakturasına bələd olan heykəltəraş yaşamaq, yaratmaq arzusu ilə hüdudları adlayır XXI əsrdə cəsarətli heykəl kompozisiyaları ilə  özündən danışdırmağı bacarır. 

Heç təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 15 fevral qərarı ilə Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi heykəltəraşın təsviri sənətimizə verdiyi misilsiz mirasın məntiqli nəticəsidir.

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook