Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru sənətsevərlərə müraciət edərək “Evdə Qal-Qalib Gəl!” devizi altında birləşməyə dəvət edib.

27.03.2020 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru sənətsevərlərə müraciət edərək “Evdə Qal-Qalib Gəl!” devizi altında birləşməyə dəvət edib.

Əziz dostlar, hörmətli sənətsevərlər!

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik olaraq, bütün dünyanı ağuşuna almış COVİD-19 infeksiyası ilə bağlı yaydığı xəbərlər hər birimizin dərin nigaranlıq hissləri keçirməyimizə səbəb olur. Bu da təbiidir, çünki çətin zamanda yaşayırıq. Azərbaycan Respublikası da dünyanın ayrılmaz bir parçası, beynəlxalq münasibətlərin subyektidir. Dövlət müstəqilliyimizin bərpasından ötən dövrdə Azərbaycan ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimizin yorulmaz və məqsədyönlü siyasəti sayəsində ölkəmiz nəhəng layihələrin gerçəkləşməsinə imza ataraq, qlobal dünyanın siyasi, iqtisadi və mədəni xəritəsində özünəməxsus yer tutur, öz ağırlığını əzmkarlıqla qoruyur. Dövlət və hökümət qurumlarının səylə çalışmalarına, önləyici tədbirlər almalarına baxmayaraq, bu infeksiya ölkəmizə girməyin, insanlarımıza bulaşmağın bir yolunu tapdı. Statistik rəqəmlər üzərində dayanaraq zaman almaq istəmirəm. Yəqin ki, hər biriniz KİV-i və sosial media üzərindən bu rəqəmləri izləyirsiniz.

Mən müdrik xalqımızın və millətimizin tarixi təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, çətinliklər insanları bir-birindən uzaqlaşdırsa da bu sıxıntılara göstərilən səbr, verilən əmək, mübarizə insanları və əlaqələri daha güclü edər, onları qopmayacaq qədər bir-birinə birləşdirər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına ünvanlanmış müraciətindəki əminlik hissinə qoşuluram. Müraciətdə deyilir: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Biz də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası olaraq fəaliyyətimizdə rəhbər tutduğumuz hüquqi sənədlərə əsaslanaraq, bütün dünyanın, ölkəmizin keçdiyi bu çətin dönəmdə müəyyən vəzifələrin yerinə yetirilməsini özümüzə borc bilirik. Bildiyiniz kimi Mədəniyyət naziri Əbülfəs Qarayev cari il mart ayının 23-də ictimaiyyətə müraciət etmişdir. O, hər kəsi dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə mədəniyyətimizlə sıx təmas qurmağa, eyni zamanda bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çağırıb.

Bu gündən etibarən həftədə iki dəfədən az olmayaraq, sosial media üzərindən yayımlanacaq video-materiallar ilə incəsənətin təbliğinə başlayırıq. Evdə Qal, Evdə yarat! çağrışlarına uyğun olaraq, əvvəllər geniş sərgi salonları, mühazirə auditoriyaları, muzey və qalereyalarda keçirdiyimiz sərgilərin davamı kimi böhran  dönəmində yöntəmlərimizi dəyişirik. İstəsək də istəməsək də bu qlobal çağırış bizi təcrid olunmağa, lüzumsuz hallarda kütləvi şəkildə toplaşmamağa vadar edir. Bu virusun bizimlə mübarizə süngüləri bizim sıralarımızdakı laqeydlikdir. Heç bir halda laqeyd ola bilmərik! Başlatdığımız bu layihə ilə Sizi sadəcə Evdə Qal!mağa deyil, Evdə Qal-Qalib Gəl! devizi altında motivə etmək niyyətimizi bəyan edirik. Layihəyə ilk qoşulan istedadlı rəssamımız, bir çox beynəlxalq sərgi və müsabiqələrin, simpoziumların iştirakçısı Cəlal Ağayev oldu. Bu layihə çərçivəsində, həmçinin, incəsənət tarixi və nəzəriyyəsi barədə Sizlər üçün maraqlı ola biləcəyini düşündüyümüz mövzular ətrafında müzakirələr aparacağıq.  Eyni zamanda sosial media hesablarımız üzərindən paylaşaçağımız bu layihəyə dair Sizin şərhlərinizi, irad və təkliflərinizi də dəyərləndirərərk istəklərinizi qarşılamağa çalışacağıq.