Əsmər Narimanbəyovanın rənglər dünyası

08.04.2020 / Maraqlı məlumatlar
Əsmər Narimanbəyovanın rənglər dünyası

Rəngarəng və maraqlı əsərlərin müəllifi Əsmər Nərimanbəyova dünya şöhrətli rəngkar, Xalq rəssamı Toğrul Nərimanbəyovun və tanınmış heykəltəraş Elmira Hüseynovanın ailəsində dünyaya göz açıb.
Kiçik yaşlarından işıq saçan, şıltaq boyaların əhatəsində olan rəssam Əsmər Nərimanbəyova atası Toğrul Nərimanbəyovun yaradıcılıq yoluna öz duyumunu əlavə edərək, hər daim ilham aldığı kubist, futurist və lirik ekspressionist üslublarla milli ruhun ənənəvi elementlərini birləşdirib , sənətinin parlaq fərqliliyini həm yurdumuzda, həm də ölkədən kənar hüdudlarda nümayiş etdirməkdədir. Daima bədii axtarışlarda olan sənət sevdalısı Əsmər Nərimanbəyova ən ülvi və təkrarsız duyğularının kətan üzərində əksini millilik və mücərrədliyin qovşağında tapır. Bədii estetikaya malik, emosional, eyni zamanda, dolğun məzmunlu əsərlərinin baş qəhrəmanı “rənglərdir”. Peşəkar rəssamın əlvan kompozisiyalarında rənglər düşüncə və fiqurları ağuşuna almaqdadır.
Əsmər Nərimanbəyovanın maraqlı əsərlərindən biri “Sevgi” isimli boyakarlıq nümunəsidir. Kompozisiyada canlı və cəsarətli rənglərin sanki harmonik rəqsi, ritmi və dinamikası təsvir olunub. Rəssam həssas duyğuların vacibliyini fırçasından süzülən boyalar ilə vurğulamışdır. Kişi və qadın obrazından ibarət bu kompozisiyada mistik və cilovsuz cizgilərin kəskin olmaması emosional və xəyali mühit yaradır. Bu təntənəli kompozisiya sübut edir ki, rəssamın yaradıcılığı şərq və qərb incəsənətinin sintezindən ibarətdir.