Azərbaycan mozaika sənətinin tarixi

22.04.2020 / Maraqlı məlumatlar
Azərbaycan mozaika sənətinin tarixi

Adi gündəlik həyatın estetikləşdirilməsi, bədiiləşdirilməsi tarixin ilk günlərindən insanları maraqlandıran məsələlərdən biri olmuşdur. Elə buna görə də lap ibtidai dövrdən bu günə kimi tarixə nəzər salsaq görərik ki, insanlar incəsənəti məişətlərinə  daxil etməyi heç vaxt unutmamışlar. Nəticədə zaman keçdikcə yeni-yeni təsviri və tətbiqi sənət sahələri meydana gəlməyə başlayır. Haqqında danışacağımız mozaika sənəti də  xeyli yaşı olan incəsənət sahələrindəndir. Monumental - dekorativ sənətin əsas növlərindən sayılan mozaika eyni və ya müxtəlif rəngli, sadə və mürəkkəb həndəsi formalarda kəsilmiş şüşə, daş hissəciklərdən hazırlanmış incəsənət nümunəsidir. Mozaika latınca muzalara həsr olunmuş əsər mənasına gələrək, sənət pərisi olan muzaların rəsm edilməsi ilə bağlı idi. Bu sənət növündən daha çox dekorariv tətbiqi sənətdə istifadə olunsa da bəzi hallarda dəzgah rəngkarlığında da rast gəlinir. Mozaika sənətinin tarixi çox qədimdir. Keçmiş zamanlarda mozaikadan daha çox hovuzları bəzəmək üçün istifadə edirdilər.

Orta əsrlərdə Azərbaycanda bir sıra tikililərdə maraqlı dekorativ mozaikalar yaradıldı. Misal olaraq Naxçıvanda xvııı əsrdə inşa olunan "Zaviyə" adlı məscidin giriş qapısı və pəncərələri, müxtəlif bölgələrdə ictimai yerlər və şəxsi evlər rəngli mozaikalarla bəzədilmişdir. Azərbaycanda  bu sənətin inkişafını artıq xx əsrdən başlayaraq müşahidə etmək olar. O.Şıxəliyev, A.Rəcəbovun yaratdığı mozaika nümunələri Bakı Məişət Kondisionerləri zavodunu, "Azərbaycan" nəşriyyatının girişini bəzəyir. Bakı metropoliteninin "Neftçilər" stansiyasında A.Ağamalov və M.Qafarovun, "Nizami" stansiyasında M.Abdullayevin ərsəyə gətirdiyi mozaikalar, müəllifi Sirus Mirzəzadə olan Səadət sarayının qarşısında yerləşən "Səadət” mozaik kompozisiyası, Oqtay Şıxəliyev, Hacıbala Rəcəbovun "Mətbuat" (1970) mozaik kompozisiyası, Oqtay Şıxaəliyevin H.Əliyev adına idman-konsert kompleksində hazırladığı "Azərbaycan Nağılları" (2006) adlı mozaikalar uğurlu sənət əsərlərindəndir.

Azərbaycanda mozaika sənəti haqqında söhbət açılarkən ağlımıza ilk növbədə "Nizami" metrostansiyasındaki mozaikalar gəlir.

Bakı metropoliteninin yeraltı salonunda yerləşən bu mozaikalar SSRİ Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən 1973-cü ildə başlanan, 1976-cı ildə tamamlanaraq, böyük uğurla ərsəyə gələn, göz oxşayan 19 mozaik pannodan ibarətdir. Pannolardan on səkkizində Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalardan bədii səhnələr, birində isə şairin özünün böyük ölçülü portreti təsvir edilmişdir. "Xəmsə" motivlərinin məzmun və bədii cəhətdən bir-birinə olan uyğunluqları nəzərə alınaraq, 18 pilonda ardıcıllıqla yerləşdirilmişdir. Rəssam Mikayıl Abdullayev Nizami metro stansiyası ilə bağlı xatirələrində yazır: "1973-cü ildə Bakıda dahi şairin adını daşıyan "Nizami" stansiyasının bədii tərtibatı kimi məsul və şərəfli bir iş başlandı. Bütün imkanlarımı səfərbərliyə alaraq, "Xəmsə"ni yenidən mütaliə etməyə başladım.  Hər poema üçün seçdiyim ən səciyyəvi səhnələri yeraltı salonun tağlı pilonlarında yerləşdirməyi qət edərək, on səkkiz səhnəni təsvir etməyi qərara aldım. Baş memar, akademik Mikayıl Hüseynovun bu niyyətimə razılıq verməsi məni bir qədər də ürəkləndirdi".

Mikayıl Hüseynov Xalq rəssamı M.Abdullayevin ideyasını çox böyük rəğbətlə qarşılamışdı.

Salonun divarlarında "Sirlər Xəzinəsi" poemasından - "Bayquşların söhbəti", "Kərpickəsənin nağılı", "Sultan Səncər və qarı", "Xosrov və Şirin" dən- "Fərhad Bisütunda", "Xosrov və Şirin" , "Fərhad və Şirin", Leyli və Məcnundan- "Məcnun və atası", "Leyli və Məcnun", "Leylinin qəbri üstündə", Yeddi Gözəldən - "Simnarın faciəsi", " Bəhram və əjdaha", "Bəhramən hünəri", "Fitnə", İsgəndərnamədən -"İsgəndər və çoban", "Yeddi alim", "Nüşabə və İsgəndər", "Daranın ölümü" və "Nəqqaş Mani" səhnələri əks olunmuşdur.  Rəssam "İsgəndərnamə" poemasına daha çox yer verərək beş təsvir yaradır.

Poemanın ümumi sujetində o qədər də əhəmiyyətli rol oynamayan  "Nəqqaş Mani" obrazına həsr edilən pannonu rəssam heç də təsadüfi təsvir etmədiyini vurğulayaraq, qeyd edirdi ki, dahi Nizami tərəfindən qələmə alınmış Şərqin böyük nəqqaşı sayılan  Manidən qabaq Azərbaycan ədəbiyyatı və mədəniyyətində heç bir rəssam obrazına rast gəlinməyib. Belə ki, bu mozaikalarda qəhrəmanlar başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişdir.  Klassik miniatür formalarını da  kompozisiyanın ayrı-ayrı detallarında, dağların,ağacların, buludların və s. təsvirində görmək olar.

Digər bir mozaika isə dahi şair Nizami Gəncəvinin hündürlüyü üç metrdən artıq olan iri həcmli portreti idi. Obraza monumental baxılması üçün miqyas cəhətdən şairin fiquru digər poemalardakı təsvirlərin personajlarından iki dəfə böyük verilir.

Rəssam mozaik təsvirlər üçün rəng seçərkən, əlvan,parlaq və monoxrom rənglərdən istifadə etməmiş, təsir dərəcəsini saxlayan yumşaq rəng çalarlarına üstünlük verərək, mozaik təsvirlərin yığılmasını Leninqraddakı mozaika emalatxanasına həvalə edir.

1979-cu ilin birinci rübündə  "Nizami" metro stansiyasının  salonunda mozaik pannoların bədii tərtibatı başa çataraq istismara verilir. İnsanlar tərəfindən böyük maraqla qarşılanaraq təkcə səyahət üçün deyil, sırf bu pannoları görmək üçün stansiyaya gələnlər də olurdu. Bu pannolar ölkəmizə gələn turistlər tərəfindən hazırda da heyrətlə qarşılanır.

Metro stansiyanın insanların xidmətinə verildiyi  dövrdən 40 il sonra, 2016-cı ildə ilk dəfə yenidənqurma işləri çərçivəsində yeraltı salonda yerləşən pannoların bərpa işləri görülməyə başlayır. Belə ki, bərpa işi ilə peşəkar rəssamlar, keramika üzrə mütəxəssis Elçin Cabbarov, mərmər üzrə mütəxəssis Nizami Vəliyev və pannoların müəllifi olan M.Abdullayevin tələbəsi olmuş Zöhrab  Cabbarov məşğul olmuşdur.

M.Nəcəfov M.Abdullayevin yaradıcılığına həsr etdiyi kitabında Nizami metro stansiyasındakı mozaikaları Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin ən qiymətli nümunələri adlandırmışdır.

Ziyarət Cabbarova - Azərbyacan Dövlət Rəsm Qalereyasının əməkdaşı.