Rafis İsmayılov-Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan rəssam...

29.04.2020 / Maraqlı məlumatlar
Rafis İsmayılov-Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan rəssam...

 

Sözsüz ki, xalqımızın mədəni-mənəvi həyatında Azərbaycan kino sənəti mühüm rola malikdir. Bu sahədə bir çox istedadlı ssenarist, rejissor, operator, rəssam kadrları yetişmişdir. Onlar özünəməxsusluğu ilə seçilən, parlaq ekran səhnələri ərsəyə gətirmişlər. Milli kinomuzun inkişafında rəssamlarımızın böyük xidmətləri olmuşdur. Səhnə tərtibatı sənətinə öz töfhələrini vermiş rəssamlarımızdan biri də Rafis Rza oğlu İsmayılovdur. O, 1939-cu il martın 30-da Bakı şəhərində  ziyalı ailəsində dünyaya göz açmışdır. 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1972-ci ildə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Rəssamlıq" fakültəsini bitirmişdir. Elə həmin ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında çalışaraq əllidən çox bədii filmin quruluşçu rəssamı olmuşdur. "Sevinc buxtası", "Üzeyir ömrü", "Qatır Məmməd", "Qara gölün cəngavərləri", "Oxuyur Müslüm Maqomayev", "Təhminə", "Dantenin yubileyi", "Qəribə adam", "Sübhün səfiri" və s. filmləri misal göstərmək olar.

Rafis İsmayılov kino sahəsini seçməsini belə xatılayır: -"Dördüncü kursda oxuyurdum. O zamanlar Rəssamlıq Texnikumu Bakıda Malakan bağı yaxınlığında yerləşirdi. Bir gün etüdnik çiynimdə dərsdən çıxaraq tarix muzeyi tərəfə gedirdim. Orada  xarici maşınlar, qəşəng geyimli adamlar gördüm. Həmin vaxt rejissoru Əjdər İbrahimov olan " Bir məhəllədən iki nəfər" filminin çəkilişi gedirdi. Çox böyük bir maraqla qaranlıq düşənədək filmin çəkilişini seyr etməyə başladm. Bakının bir küçəsi sanki İstanbulun bir guşəsi olmuşdu. Gördüm ki, kinoda rəssam istədiyi bir dövrü yarada bilər. Bu səhnələr mənə çox təsir etdi. Elə həmin gün qərarlaşdırdım ki, mən məhz kino sənəti ilə məşğul olmalıyam".

Tezliklə müxtəlif rejissorlar Eldar Quliyev, Ənvər Əbluc, Oqtay Mirqasımov, Rasim İsmayılov onu öz filmlərinə quruluşçu rəssam kimi təyin edirlər.

1976-1977-ci illərdə "Qəribə insan" adlı ikiseriyalı filmin çəkilişləri getdiyi zaman Rafis İsmayılovu da həmin filmə dəvət edirlər. Sözügedən filmdə rəssam Əjdər İbrahimovla tərəf müqabili olur. Filmdəki hadisələr İstanbulda cərəyan edirdi. Bu filmin çəkilməsi üçün o, günlərlə arxivlərdə İstanbulu araşdırır və bu şəhərin bir guşəsini yaradır. Rafis İsmayılov deyirdi: "Hər bir film üzərində bir il və ya il yarım çalışmaq lazımdır. İlk öncə iş ssenaridən başlayır. Rəssam ssenarini oxuyaraq hadisələrin iştirakçısına çevrilməlidir. Hadisələrin cərəyan etdiyi dövrləri dərindən öyrənərək mükəmməl bilməlidir. İstedadlı rəssam öz xəyalı ilə istədiyi dövrü yarada bilər".

Azərbaycanın Xalq rəssamı Rafis İsmayılov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Misir gecələri", "Tənha iydə ağacı", "Gecə döyülən qapılar", "İkinci səs", "Fedra", Azərbaycan Dövlət Opera və Balet teatrında isə "Leyli və Məcnun", "Məhəbbət və ölüm", "Natəvan", "Trubadur" və s. kimi əsərlərin quruluşçu rəssamı olmuşdur. Rəssam hər bir filmin ümumi quruluşunu tamamlayaraq hadisələrin mahiyyətinə uyğun rənglərdən istifadə edib maraqlı detallar tapır və beləliklə ərsəyə gələn süjetli eskizləri ilə hazırladığı filmin bütöv mənzərəsini yaratmışdır. Onun plastika və rəng çalarlarının orijinal həllini tapmaq bacarığı işlədiyi filmlərdə aydın nəzərə çarpırdı.

Rafis İsmayılovun əsas peşəsi kino rəssamlığı olsa da bir neçə cizgi filmdə quruluşçu rəssamı və rejissorudur. "Danışan işıqlar", "Xeyir və Şər", "Göyçək Fatma", "Lağım" cizgi filmlərinə bədii tərtibat vermişdir. O, dünyada məşhur olan Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək dəzgah rəngkarlığı və miniatür üslubunda müasir axtarışlar apararaq inkişaf etdirmişdir. Bundan əlavə bir sıra kitablara illüstrasiyalar çəkən rəssam "Kitabi-Dədə Qorqud" dastanının motivlərinə, xalq mahnılarımıza, atalar sözlərinə həsr olunmuş xeyli sayda rəsm əsərinin də müəllifidir.

Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan Rafis ismayılovun yaradıcılığı yüksək qiymətləndirilərək 1982-ci ildə əməkdar rəssam, 2000-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına, 2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. Məşhur rəssam eyni zamanda  dövlət mükafatı və rəssamlıq üzrə olan "Sultan Məhəmməd" mükafatı laureatıdır.

Rafis İsmayılovun əsərləri Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında, eləcə də, yerli və xarici şəxsi kolleksiyalarda qorunaraq saxlanılır.

 Ziyarət Cabarova

Azərbyacan Dövlət Rəsm Qalereyasının əməkdaşı