Epidemiya dövrlərində ərsəyə gələn əsərlər

02.05.2020 / Maraqlı məlumatlar
Epidemiya  dövrlərində  ərsəyə gələn əsərlər

Dünyada müxtəlif dövrlərdə insanlar dəhşətli xəstəliklərlə üz-üzə qalmışdır. Bu xəstəliklər incəsənətə də öz təsirini göstərməkdə idi. Epidemik xəstəliklər həmin dövrlərin şahidi olan rəssamlar tərəfindən təsvir olunmuşdur. Rəssamlar fırça və kətanları ilə baş verən xəstəliklərin təsirlərini insanlara çatdırmağa çalışırdılar.

"Ölümün Rəqsi ilə Qələbə" ("The Triumph of Death with The Dance of Death")adlanan, XV əsrdə italyan rəssamı Giacomo Borlone de Burchis tərəfindən hazırlanan bu əsər, "Qara ölüm" adlı vəba xəstəliyindən ilhamlanaraq ərsəyə gəlmişdir. Əsərdə yaşayan insanlar ilə ölülər arasındakı qarşılaşma təsvir olunub. O dövrdə cəngavərlər və yepiskoplar cəmiyyətin ən güclü üzvləri kimi tanınırdılar, ancaq ölülər gəlib "Siz də bu cür olacaqsınız, nə gücünüz, nə də dinə olan inanclarınız sizi xilas edə bilməz" mesajını çatdırır. Əsər indi İtaliyanın "Oratorio dei Disciplini" muzeyində nümayiş olunur.

Flamand İntibah dövrü ustası Piter Breygelin 1562-ci ildə təsvir etdiyi "Ölüm zəfəri" (Triumph of death) adlı rəsm əsəri "Qara ölüm"ün Avropa şəhərində necə yaşandığını göstərir. Bu əsərdə, insanlar və heyvanların o cümlədən, bütün canlıların öldüyü təsvir edilmişdir. Hazırda əsər Madriddəki “Prado” Muzeyində saxlanılır. Digər bir əsər Paul Fürst tərəfindən 1656-cı ildə təsvir olunmuş "Doctor Schanebel won Rom" adlı gravüradır. Əsərdə 17-ci əsrdə Fransa və İtaliyada geyilən qoruyucu geyim təsvir edilmişdir. Bu da yaxınlaşan ölümü izah etdiyi üçün, o dövrdə insanlar üçün qorxulu idi. Əsər hazırda Britaniya Muzeyinin kolleksiyasında saxlanılır.

Məşhur rəssamlardan biri olan Edward Munch-da epidemiya mövzusuna müraciət etmişdir. O, "İspan" qripinə tutulduğu zaman bir çox rəsm və eskizlər ərsəyə gətirib. Belə rəsmlərindən biri də 1919-cu ildə təsvir etdiyi avtoportretidir. Əsərdə ölümlə yaxın olan rəssam özünü, xəstəlikdən üzü solğunlaşmış, stulda oturmuş vəziyyətdə təsvir etmişdir. İrəliləyən zamanlarda bu xəstəlikdən xilas olan sənətkarın rəsm əsərləri bu gün Osloda Milli Qalereyada nümayiş olunur. Digər bir əsər isə İndiki İsveçrənin muzeyində sərgilənən Arnold Böcklin'in "Vəba" adlı rəsmidir. Tarixçilərə görə bu əsər 1898-ci ildə Mumbayda meydana gələn “Vəba” epidemiyası ilə əlaqədar yaranmışdır. Simvolist rəssam olan Böcklin, əsərində ölümü fərdiləşdirərək orta əsrlərdə uçan qanadlı bir canlının üzərində təsvir etmişdir.

20-ci əsrin dəhşətli epidemiyalarından biri olan "İspan" qripindən dünyasını dəyişən Egon Schiele'nin son rəsmlərindən biri "Ailə" (The Family)əsəridir. 1918-ci ildə ərsəyə gələn bu əsərdə Schiele, qripdən ölən həyat yoldaşı və doğulmamış uşağını təsvir edir. Rəssamın həyat yoldaşı Edith, hamiləliyinin 6-cı ayında İspan qripindən dünyasını dəyişir. Daha sonralar Schielin bu əsəri  həyat yoldaşının ölümündən üç gün sonra təsvir etməsi məlum olmuşdur.

HİV epidemiyası da 1980-cı və 1990-cı illərin əvvəllərində başlanan və dünyanı cənginə alan xəstəliklərdən olub. Keith Haring 1988-ci ildə QİÇS diaqnozu qoyulduqdan bir il sonra

"Cahillik = Qorxu" (Ignorance = Fear) adlanan afişa tərtib edir. Bu afişa QİÇS epidemiyası və bu xəstəlikdən əziyyət çəkənlərin mübarizəsini qəbul etməyərək, hörmət görtərməyən şəxslərin yaratdığı çətinliklər haqqında bir tənqid idi. Keith Haring 1990-cı il, 31 yaşında QİÇS-dən dünyasını dəyişmişdir. Əsər Parisdəki "Noirmont Art Production"-da nümayiş olunur.

Müasir dövrdə də Koronavirusun bütün dünyada yayılmasını, insanların epidemiya ilə mübarizəsini bir çox rəssamlar kətan üzərində əks etdirməyə davam edirlər. Bu rəssamlardan biri də Qazaxıstanın Dizayn Akademiyasının üzvü, sənətçi Lidiya Drozdova, dünyada baş verən qorxu və narahatlığı öz kətanında təsvir edərək. insanlara "Koronavirus"-un yaratdığı mənfi cəhətlərin qarşısını almaq üçün "evdəqal" mesajını  göndərir.

Azərbaycanda da bir çox rəssamlar bu mövzuya biganə qalmayaraq  yeni plakat, rənkarlıq əsərləri ərsəyə gətirmişlər. Bu rəssamlardan biri də tanınmış rəssam Mirazər Abdullayevdir. Onun "Third?" adlı plakatı məhz pandemiya ilə bağlı ərsəyə gələn əsərlərdəndir. Yaradıcılığında sosial plakat mövzusuna xüsusi diqqət ayıran rəssam, əsərin mərkəzində sarı fonda qara rəng ilə koronavirusun təsvirini yerləşdirir. "Third?" yəni "Üçüncü?" yazısını plakatda əks etdirərək, üçüncü dünya müharibəsidirmi? sualı ilə insanları düşündürür. Rəssam plakat vasitəsilə izah etməyə çalışır ki, üçüncü dünya müharibəsi təkcə nüvə, roket, silah ilə deyil, məhz süni yaradılan xəstəliklər vasitəsilə də gerçəkləşə bilər. Təsvirdə görünən sonuncu mismar çalındığı zaman bu mübaribə gerçəkləşəcək..

Mir Azər Abdullayevin bu mövzuda olan digər əsəri isə rəngkarlıq janrında olan "Sahibsiz kölgələr" adlı tablodur. Rəssam bu əsərində şəhərin və kölgələrin insanlar olmadan, sahibsiz qaldığını təəssüf hissi ilə təsvir etmişdir.

Bu mövzuya müraciət edən rəssamlardan biri də İlham Mirzəyevdir. "Pandemiya-balansın bərpası" adlı triptixdə yerdən səmaya qədər qalxan və buludları balansında saxlayan çubuq dirəkləri təsvir edərək, pandemiyanın da dünyanın balansını saxlaması fikrini irəli sürür.

Ziyarət Cabarova 

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı