Xalq Rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı olub

14.04.2017 / Yubileylər
Xalq Rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı olub

 Xalq Rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı olub.

Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə muzeyin direktor müavini Xədicə Əsədova qonaqları salamlayaraq, qocaman rəssamı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin adından təbrik edib.

Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov A. Hacıyevin sənət dünyasının sehrinə toplaşanlara onun zəngin irsindən, təsviri incəsənətimizdəki xidmətlərindən söz açıb. O, Altay Hacıyevin Azərbaycanın böyük ziyalısı, mədəniyyət və ictimai xadimi, əsl vətənpərvər olduğunu və müasirlərimiz arasında bu cür yaradıcı insanın olması ilə fəxr etdiyini vurğulayıb.

Xalq Rəssamı Arif Hüseynov Altay Hacıyevlə dostluğunu, səmimi yoldaşlığını dilə gətirərək, onun görkəmli rəssam, fəal ictimai xadim kimi böyük təcrübəsinin olmasını qeyd edib.

Tədbirə toplaşanlara, sənət dostlarına öz təşəkkürünü bildirən Altay Hacıyev bundan sonra da var gücü ilə yaradıcılıq fəaliyyətini davam etdirəcəyini söyləyib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə görkəmli fırça ustasının “Qarabağ atları”, “Bakı bulvarı”, “Neft mədənlərində”, “Məclisi-üns”, “Düşüncə”, “Bakı gecəsi”, “Natəvan dünyası”, “Arazın iki sahili” kimi 70-dən artıq rəngkarlıq və qrafik əsəri nümayiş olunur.