Əsərlərində Qarabağ həsrəti duyulan rəssam Səyyar Əliyev

25.08.2020 / Maraqlı məlumatlar
Əsərlərində Qarabağ həsrəti duyulan rəssam Səyyar Əliyev

Qarabağ hər bir Azərbaycanlının həsrəti olduğu kimi bəzi incəsənət xadimlərinin, xüsusilə  də, rəssamların yaradıcılıqlarında yan keçə bilmədiyi mövzulardan biridir. Bu baxımdan rəssam Səyyar Əliyevin yaradıcılığını xüsusilə qeyd etmək olar. Biz onun müxtəlif təsvirləri vasitəsilə hətta bəzilərimizin görmədiyi Qarabağa qiyabi səyahət edə bilirik  desək yanılmarıq. 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmış rəssam orta məktəb təhsilini Şuşa və Ağcabədidə almış, hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur.

O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini müvəffəqiyyətlə başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə  sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. 1990-92- ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetetinin Şuşa filialında, 1992-94-cü illərdə Ağcabədi filialında pedaqoq kimi fəaliyyət göstərmiş,1994-cü ildən etibarən isə Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetin "Təsviri incəsənət və onun tədrisi texnologiyası" kafedrasında müəllim vəzifəsində çalışır.

Uşaqlıq, gənclik illərini füsunkar, əsrarəngiz Qarabağ torpağında keçirən Səyyar Əliyevin rəssamlıq üzrə xüsusi təhsili olmasa da onun əsərlərində hiss və duyğularının ifadəli təcəssümünü, vətənə, torpağa, insana olan sevginin böyük bir zövqlə aşılandığının şahidi oluruq. Kətan üzərində yağlı boya texnikasından məharətlə istifadə edən rəssam əsərlərində müxtəlif janrların bədii xüsusiyətlərini əks etdirir.

Daim yaradıcılıq axtarışında olan Səyyar Əliyev  müxtəlif janrlara müraciət etsə də mənzərə janrında olan əsərləri üstünlük təşkil edir. O, Qarabağın, xüsusilə də doğma Şuşanın təbiətini sözlə ifadə olunmayacaq duyğularla tamaşaçıya təqdim edir. "Qarabağ mənzərəsi", "Payız", "Cıdır düzünün həsrəti", "Odlar yurdu", "Sarıqayanın həsrəti", "Xəzərin sahilində", Şuşa qalası” adlı mənzərələrini misal göstərmək olar. Rəssam çox zaman mənzərə janrlı əsərlərində konkret məkanı əks etdirməkdən uzaq olur. Yaradıcılığının hər bir dövründə yaratdığı tablolarında vətənin ağrılı, acılı günlərini böyük kədər ilə düşündürücü amma bir qədər də gələcək ümidi ilə təqdim edir. “Alov içində yanan qız”, “Şuşa faciəsi”, “Azərbaycan faciəsi”, “Əzablı yollar”,  “Xocalı faciəsi” adlı əsərlərini nümunə kimi göstərmək olar.

Səyyar Əliyev mənzərələrdən əlavə süjetli tablolar da yaratmışdır. Çoxfiqurlu kompozisiyalarını eskiz hazırlamadan birbaşa təsvir edərək duyğularını özünəməxsus şəkildə kətan üzərinə köçürür. "Nur dəryası", "Dostlar", "Həyat toru", "İnsanlar, talelər", " Rəssam dünyası", "Sirli dünya", "Azad bir quş idim, "Qovuşanlar", "Analar, ümidlər", "Bənövşəyi xəyallar", "Sevincdi, kədərdi dünya", "Şeytanın hiyləsi", "Təzadlı dünya" triptixi, "Məhəbbət" adlı mücərrəd kompozisiyası belə əsərlərdəndir. Tabloların hər bir detalında bəşəri duyğuların kəskin ifadəsi, insan münasibətləri yadda qalan formada öz əksini tapmışdır.

Səyyar Əliyev natürmort janrına da müraciət etmişdir. Hər bir əsərində rənglərin uğurlu harmoniyası ilə duyğuların vəhdətli ifadəsi əsərin cəlbediciliyini artırmaqla yanaşı insanların diqqətini çəkir. İzləyici artıq uzaqdan həmin tablonun məhz Səyyar Əliyevə məxsus olduğunu anlaya bilir. İstedadlı rəssamın natürmort janrına fərqli yanaşmalarla təsvir etdiyi əsərlərindən "Günəbaxanlar", "Narlar", " Meyvələr", "Mis qablarla xalça" adlı əsərləri misal göstərmək olar.

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Səyyar Əliyevin Bakıda bir çox  fərdi sərgiləri keçirilmiş eyni zamanda müxtəlif sərgilərin iştirakçısı olmuşdur. Misal olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində keçirilən Şuşanın işğalının 20 illiyinə həsr olunmuş  sərgidə, 2012-ci ildə İstiqlal muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş sərgidə, 2013-cü ildə Şuşanın işğalına həsr olnumuş sərgidə, Şərq Qalereyasında “Şuşa-Qarabağ” adlı və s. sərgilərdə iştirak edərək  tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Onu da qeyd etməliyik ki, Səyyar Əliyev uşaq rəssamlıq yaradıcılığının təbliğatına görə bir sıra diplom və fərmanlara layiq görülmüşdür. O, Uşaq İncəsənət Mərkəzini öz vəsaiti hesabına təşkil etmişdir. Hazırda da pedaqoji fəaliyyətlə məşğul olan, yaradıcılığının süjet xəttini milli faciələrimiz təşkil edən rəssam Səyyar Əliyevin ən böyük arzusu sərgilərinin bir gün doğma Qarabağda keçirilməsidir.

Ziyarət Cabarova

(Azərbaycan Dövlət Rəsm Qalereyası-böyük elmi işçi)