Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək.

22.09.2020 / Sərgilər
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il sentyabr ayının 25-i saat 17:00-da Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il sərəncamına əsasən tədbirlər planına uyğun olaraq əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi keçiriləcəkdir.

Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilir. 

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsi və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Sərgidə ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya Müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş ediləcəkdir.

Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi gənc bəstəkar Tural Məmmədliyə məxsus “Zəfər Müjdəsi” marşı isitifadə edilib.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.