sa sa 166
Sənəti uğrunda mübarizə əzmini itirməyən rəssam Sənəti uğrunda mübarizə əzmini itirməyən rəssam Sen 22, 2020 | 15:09 / Yeni nəşrlər

Rəssamlar dünən də, bugün də öz yaradıcılıqları ilə milli dəyərləri qoruyub saxlamış və əsərlərdə ehtiva etdikləri fikirləri müasirlərinə çatdırmaqla yanaşı, gələcək nəsillərə də ötürmüşlər. Azərbaycan rəngkarlığında da belə önəmli missiyanı layiqincə yerinə yetirən çoxlu sayda sənət adamları var. Bu baxımdan görkəmli fırça ustası Vüqar Əlinin yaradıcılığından söhbət aça bilərik.

Rəssam Vüqar Əliyev 16 mart 1970-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası sonradan mühəndisliyi seçsə də, uşaqlıqda rəssamlığa xüsusi marağına görə, Bakıda Yuri Qaqarin adına Mərkəzi pionerlər sarayının təsviri sənət dərnəyində məşhur pedaqoq Məsmə Ağayevanın tələbəsi olmuşdur. Vüqar Əlinin də rəssamlığa həvəsi məhz atasının çəkdiyi rəsmlərdən ilhamlanaraq yaranmışdı. Rəssam uşaqlıq xatirələrindən söhbət açarkən deyir : - "Atamın taxtadan laklanmış bir sandıqçası vardı. Bu taxta sandıq çox sadə görünsə də, mənim uşaq təfəkkürümə sığmayan xəzinə ilə dolu maraqlı bir dünyadan ibarət idi. Atam hər dəfə o sandığı açanda sevincimin həddi- hüdudu olmazdı. Qutuda uşaqlıq fotoları, döş nişanları, idman nişanları, sənədlərlə yanaşı, həm də rəngli qələmlər qutusu, akvarel tubikləri, rəngli fırça topasını saxlayırdı. O sirli qutu  bir uşağın həyatına hakim kəsildi. Rəsmə meylimi görən atam rəngli qələm qutusunu tam olaraq ixtiyarıma vermişdi".

1977-ci ildə Buzovnada orta məktəbə gedən rəssamın təsviri sənətə marağının artmasında ilk müəlliməsi Sevilə xanımın da böyük əməyi olub. Vüqar Əli üçüncü sinifdən həmin qəsəbədə yerləşən Mədəniyyət sarayının təsviri sənət dərnəyində rəssamlıqda ilk addımlarını atır. Daha sonralar atasının müəlliməsi olan Məsmə xanımın dərnəyinə qatılaraq, onun yarımçıq qoyduğu sənəti davam etdirməyi özünə borc bilir. Daxilində yaranan sonsuz istək, inam sayəsində rəssamlıq təhsilini mükəmməlləşdirərək gələcək taleyini bu sənətlə bağlayacağına qərar verir.

Rəssam təkcə rəsm çəkməli deyil, həm də tarixi, mədəniyyətli, ədəbiyyatı, musiqini öyrənməli, duymalıdır. Həmin illərdə Vüqar Əli dünya və Azərbaycan rəssamlığı ilə, müxtəlif ölkələrin incəsənəti, mədəniyyəti ilə tanış olur, daim axtarışda eksperiment xarakterli kompozisiyalar ərsəyə gətirir. Rəssamlığa istəyi onu 1985-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Təkcə klassik üsluba deyil, stilizasiya, deformasiyalara meyli oldugundan "Bədii nəqqaşlıq" fakutləsini seçərək sənətdə daha böyük addımlarla irəliləyir. 1985-ci ildə "Dünya uşaqların gözü ilə" adlı ilk fərdi sərgisində rəssamın 40-a yaxın əsəri, natümortlarla yanaşı, sərbəst mövzulu kompozisiyaları da tamaşaçılara nümayiş olunur. Bakının köhnə məhəllələri, Buzovna, Bilgəh, Nardaran, Mərdəkan rəssamın əsas yaradıcılıq məkanları saylır. "Bakı silsiləsi", "Xatirələr sahili" seriyalarının təməli də məhz o illərdə qoyulsa da indinin özündə belə həmin mövzuya tez-tez müraciət edir. Kətanlara hopmuş rəsmlər keçmişimizi xatırladır, adət-ənənələrimizi yaşadaraq bizə göstərir. Vüqar Əli də öz əsərləri ilə milli dəyərlərimizi insanlara sevdirərək, gələcək nəsillərə ötürür.

1986-cı ildə İnşaat Mühəndisləri İnstitutunda AMEA-nın müxbir üzvü Xudu Məmmədovun başçılığı ilə seminarlar keçirilir. Tofiq Rəsulov Vüqar Əlini mövzularla tanış edir. Bu seminarlara təkcə rəssamlar yox, tarixçilər, mifoloqlar, etnoqraflar qatılır və bir çox könüllü tələbələrdən ibarət "Kainat" gənclər qrupunu yaradırlar. Qrup üzvlərinin əksəriyyəti gənc rəssamlar idi.

1989-cu ildə Rəssamlıq məktəbini qırmızı diplomla bitirən fırça ustasıın stilizə olunmuş "İçərişəhər" ,"Şanapipik" kompozisiyaları da məhz    bu dövrlərdə  ərsəyə gəlir.

Yaradıcılıq ruhu ilə yaşayan Vüqar Əliyev 1991-ci ildə ordu sıralarından təxris edildikdən sonra  M.A.Əliyev adına  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Sənaye qrafikası" bölməsinə daxil olur. Burada o, Arif Əzizov, 1970-ci ildə Həşim Elçiyev kimi görkəmli rəssamlardan dərs alır. 1993-cü ildə yaranan bir çox maddi problemlər ucbatından "Kainat" gənclər qrupu dağılır. Həmin illər ərzində rəssam karikatura sənəti ilə də məşğul olaraq bir çox qəzet və jurnallarda çıxış edir. Tarix, mədəni irs, abidələrimiz, teatrla bağlı sərgi və müsabiqələrə davamlı qatılaraq, Azərbaycan plakatı mövzusunda "Dayan qaçma!", " Heç vaxt unutmayaq", "Uşaqlar bizim gələcəyimizdir" plakatları ilə iştirak edir. 2000-ci ildə "Biri var idi, biri yox indi", "Bu beşiyin sonbeşiyi kimdir?", "Azərbaycan musiqisi mədəniyət abidəmizdir" plakatları Mədəniyyət Nazirliyi tərəfindən ilin plakatı elan olunur. Məhz bu uğurlar rəssamı daha da ruhlandıraraq yeniliklərə imza atması ilə nəticələnir. On ildən çox öz aktuallığı, sosiallığı ilə seçilən plakat sahəsində çalışaraq böyük uğurlar qazanır.

Vüqar Əliyev 1998-ci ildə Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinə, 2005-ci ildə isə əsas bölməsinə üzv olmuş, 1994-2006-cı illərdə bir çox şirkətlərlə əməkdaşlıq edərək, reklam dizaynı işlərinin müəllifi kimi çalışmışdır. O, plakat janrında keçirilən çoxsaylı müsabiqələrdə uğurla iştirak edib. 1994-cü ildən etibarən hər il 28 may tarixində "Azərbaycan bu gün" devizi altında ənənəvi olaraq keçirilən UNOCAL-76 neft şirkəti, Amerika səfirliyi və Bakı İncəsənət mərkəzinin təşəbbüsü ilə "Azərbaycan teatr plakatı" mövzusunda plakat müsabiqəsindəki iştirakı teatra marağını artıraraq onu Azərbaycan Dövlət Gənclər Teatrına gətirir. Beləliklə, teatr plakat janrı ilə yanaşı, teatrda rəssamın missiyasının nədən ibarətliyini də mərhum rejissor Hüseynağa Atakişiyevdən öyrənməyə başlayır. Bununla yanaşı Hüseynağa Atakişiyevdən öyrənməyə başlayır. Hüseynağa müəllimin rejissorluğu ilə 3 tamaşanın quruluşçu rəssamı olur. Daha sonra Vüqar Əliyev Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı ilə Dövlət Gənclər  teatrında baş rəssam vəzifəsinə təyinat alır. Quruluşçu rəssam kimi ilk işi M.F.Axundovun yubileyi münasibətilə "Mürafiə vəkillərinin hekayəti" tamaşası olur.

Vüqar Əliyev 2008-ci ildə əvvəlki illərdən fərqli, artıq monumental yox, dekorativ və kiçik həcmli işlərə üz tutur. Belə ki, "Bakı" seriyası ilə paralel stilizə olunmuş nar mövzusu, ilk "Nargilə" obrazlı kompozisiyaları, daha sonra narla bağlı digər əsərləri ərsəyə gətirir.  Nargilə obrazı, Narın tacından çıxan nar pərisi bir çox kompozisiyaların  ana xəttinə çevrilərək silsilə işlərin yaranmasına səbəb ilə nəticələnir. Bu illərdə teatr mühitinin əvəzsiz rolu təsiri ilə "Arlekinlər" seriyalı əsərlər də yaranır. "Qış axşamı", "Qarlı gün", "Son yarpaq" və s. adlı əsərləri bu seriyaya daxildir. Çoxsahəli yaradıcılıqla məşğul olan rəssamın "Abşeronun stilizə olunmuş evləri", "Şanapipiklər" seriyası, qış mövzuları ilə yanaşı, qeyri-fiqurativ obrazlar, naxışlı kompozisiyaları da bu dövrlərdə formalaşan əsərlərdəndir.      

Hər bir rəssam daim tamaşaçıyla ünsiyətdə olmalı, aktual əsərlərinin nümayişi ilə insanları valeh etməyi bacarmalıdır. O, 2008-ci ildən etibarən Muzey Məkəzində 8 il tərtibatçı rəssam kimi fəaliyyətini davam etdirərək, həm də rejissoru və operatoru olduğu "Ağ-qara" filmini tamaşaçıların ixtiyarına verir. 2010-cu ildə "Zirvəyə doğru" adlanan növbəti fərdi sərgisinin açılışı keçirilir. Sərginin "Zirvəyə doğru" adlanması heç də təsadüfi deyildi. Nümayiş olunan kompozisiyanın son hissəsində zirvədə oturmuş personaj artıq başa düşür ki, burada böyük bir boşluqdan başqa heç nə yoxdur.

Rəngarəng yaradıcılığa sahib olan, sənət əzmkarlığı ilə seçilən Vüqar Əliyev Beynəlxalq simpoziumlara çıxma şansı əldə edib, festivallara dəvət alaraq Türkiyə, Özbəkistan, Belarusiya, Bosniya- Hersoqoviniya və s. bir çox ölkələrdə əsərlərini nümayiş etdirir, ölkəmizi layiqincə təmsil edib ardı-arası kəsilməyən uğurlar qazanır.

 Rəssam 2016-cı ildə Bakı caz mərkəzinin təşəbbüsü ilə festivalın rəhbəri, görkəmli musiqiçi Rain Sultanovdan fərdi sərgi keçirmək təklifi alaraq yeni "Caz" seriyasından olan "caz rəngləri" adlanan, sırf bu musiqi sənəti ilə bağlı 25 əsərdən ibarət fərdi sərgisini tamaşaçılara təqdim edir. Sərgidə dünya cazının korifeyləri, Azərbaycanın görkəmli nümayəndələri və gənc nəslin yaşayıb-yaradan musiqiçilərindən ibarət kompozisiyalar əsas yer tutur. Emma Fiscerald, Lui Armstrong, Vaqif Mustafazadə, Rafiq Babayev, hazırda fəaliyyət göstərən sənətkarlardan Şahin Növrəsli, Rain Sultanov, Əzizə Mustafazadə haqqında əsərlərini nümayiş etdirir. Yaradıcı rəssam 2016-cı ildən etibarən Muzey Mərkəzindəki işini pedoqoji fəaliyyətlə əvəzləyərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, rəssamlıq fakültəsində "Dizayn  əsasları" və "kompozisiya" üzrə müəllim vəzifəsində çalışmağa başlayır.

Daim yenilik axtarışında olan Vüqar Əlinin 2019-cu il 4 oktyabr tarixində Muzey Mərkəzində növbəti böyük fərdi sərgisi keçirilir. "Rənglərin ritmi" adlanan sərgidə nümayiş edilən əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gətirdiklərindən ibarət idi. Musiqiyə xas duyğuları sənətkar rənglərin dili ilə, fırça vasitəsilə mükəmməl şəkildə tamaşaçıya ötürməyi bacarır. Sərgi Azəbaycanın musiqi janrına verdiyi töhvələri əks etdirərək, tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanır.

Vüqar Əlinin 2020-ci ildə sonuncu işlərindən biri, kətan üzərində,akril texnikası ilə (200x100 ölçüsündə) ərsəyə gətirdiyi "Cəngavər" (YUUCİL- qədim türk dilində) adlı sirli və bir o qədərdə  maraqlı əsərindən söz açmaq lazımdır. Bu əsər özündə çox dərin bir məna gizlədir. Adından da göründüyü kimi Cəngavər daim mübarizədə, hər an döyüşə hazır olan bir obrazdır. Əslində sirr ondadır ki, rəssam cəngavər obrazının timsalında özünü təsvir etmişdir. O, sanki bu sənət yolunda, enişli- yoxuşlu  günlərini, itirmədiyi mübarizə əzmini tamaşaçıya göstərir. Kompozisiyanın mərkəzindəki əsərin qəhrəmanı, cəngavər obrazıdır. İzləyiciyə mistik şəkildə əhval-ruhiyyə aşılayan əsərdə həyəcan, ekspressiya, kəskin dinamika qırmızı rəng və çalarları ilə öz ifadəsini tapıb. Rənglərin harmoniyası əsərin ruhu ilə tam olaraq səsləşir. Sanki hisslərin, duyğuların tərənnümü və keçmiş zəhmətli günlərin uğura çatmasının obrazla harmonik uyğunluğu nurlu gələcəyin, parlaq sabahların təmsilçisidir. Rəssam hərəkətli kompozosiyida drammatizmi gücləndirərək, sənət nümunəsinə hərarət bəxş edir. Onu da qeyd etmək lazımdır ki, Vüqar Əlinin əsərləri bir çox şəxsi kolleksiyalarda da saxlanır.

Məqalə “Mədəniyyət” jurnalının 3- cü sayında dərc edilmişdir.

Ziyarət Cabarova-

(Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi)

 

 

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook