“Nonkonformistlərin üslub axtarışları"

12.07.2023 / Yeni nəşrlər
“Nonkonformistlərin üslub axtarışları"

Cəmiyyətin yaradıcı insana qarşı tələbi və ondan gözləntisi tarix boyu müxtəlif olmuşdur. Yaradıcı insanları sənət tənqidçiləri, əsrlər boyu nəyinsə fövqündə gedən, normalara qarşı gələn, axına qapılmayan nəticədə yeniliklərin yaranmasına təkan verən insanlar kimi qələmə vermişlər. Heç təsadüfi deyil ki, XX əsrin ikinci yarısında dünya incəsənətində gedən proseslər Azərbaycan rəssamlarının yaradıcılığından da yan keçmədi. Onlar hər cəhdlə sovet idealogiyasının ənənələrinə və “kanonlar”a qarşı gəlməyə cəhd edir, yeni cərəyanın öncülərindən olmağa səy göstərirdilər. Bu canatmalar xoş qarşılanmasa da önlənməsi uğursuzluqla nəticələnirdi. Bu yeni cərəyanın nümayəndələrini “nonkonformistlər” adlandırırdılar.    

Azərbaycan incəsənətində 1950-1980-ci illərdə mövcud olan “nonkonformistlər” adlanan qrupa daxil olan rəssamlar yaradıcılıqlarında fərqli inkişaf yolu seçmişlər.

Nonkonformistlər cəmiyyətdə  əsas olan fikrin əleyhinə çıxan öz individual fikirlərini göstərməkdən çəkinməyən, incəsənətdə sosrealizm ənənələrindən imtina edirdilər. 80-ci illərdə təşkil olunan Respublika və Ümumittifaq rəssamlıq sərgilərində navator ruhlu bədii konsepsiyalar aşkara çıxırdı. Artıq sənətdə fərdi üslub rəngarəngliyi, müxtəlifliyi müstəsna əhəmiyyət qazanır, təsvirdə şərtilik, stilizasiya, deformasiya təzahürlərinə təsadüf olunurdu.  Bu qrup rəssamlar sırasına Rasim Babayev, Cavad Mircavadov, Əşrəf Muradoğlu,  Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Fazil Nəcəfov və s. kimi  rəssamların adlarını mütləq qeyd etməliyik.  

Azərbaycan təsviri sənətində öz üslubu, təsvir motivləri, tapdığı özünəməxsus formaları ilə bu gün də öz müasirlərini düşündürən rəssam Rasim Babayevin sənətə nonkonformist yanaşması hələ tələbə olan zamandan hiss edilirdi.

Rəssamın V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuduğu müddətdə “formalizmə meyilli” şəxs kimi tələbələr sırasından xaric edilməsi buna bariz nümunədir. Bakıya qayıtdıqdan sonra da təcrid olunmuş şəkildə yaradıcılıqla məşğul olmağa davam etmişdir. Rəssamın fəlsəfi və bədii düşüncə tərzi, rəng duyumu, həyata baxışı, obrazlar sistemi onun yaradıcılığını daima diqqətdə saxlayırdı. Sənət fəaliyyətinin əsasını “Xeyir və Şər”in bədii ifadəsi təşkil edir. Rasim Babayev müasir həyatda gördüklərinə fərqli və təzadlı məna-məzmun verməkdə əsl nonkonformist idi. “Hərbi psixoz”, “Təcavüz”, “Ekstremistlər marşı”, “Pablo Nerudanın xatirəsinə”, “Müharibənin siması”, “Təcavüz”, “Diptix.Mənafeyim üçün yeyirəm, içirəm”, “İmperalizmin qanlı generalı Pinoçet” və digər əsərləri ilə rəssam ideoloji çərçivələrə sığmadığını bəyan etmiş, yalnız fərdi yaradıcı münasibəti ilə dünyəvi problemlərə, bəşəriyyəti düşündürən mövzulara toxunmuş, tamaşaçıları bu istiqamətdə, bu problemlər ətrafında düşünməyə səsləmiş, dövrün ziddiyyətlərini əks etdirməyə çalışmışdır.

Nonkonformistlərin ən görkəmli nümayəndəsi sözsüz ki, Cavad Mircavadov olmuşdur. Cavad Mircavadov Azərbaycan rəngkarlığında avanqard baxışı, eksperimentləri və nəhayət sənətdə novator çıxışları  ilə geniş kütlənin marağını qazanmışdır.  

Rəssamın obraz və süjetəri, motiv və formaları seyirçi təxəyyülünü düşünməyə sövq edir, onda emosional hallar yaşadır. İnsan düşüncəsinin hüdudlarında qeyri-adi hiss etmə və müşahidə qabiliyyəti ona yeni formaların axtarışına təkan verirdi.  Bu fiqurlar, deformasiya olunmuş bədənlər yeninin yaranmasına, daha doğrusu gerçək olanı yeni ifadə vasitələri ilə çatdırmağa çalışmağın nəticəsi idi. Sənətdə sosrealizm ənənələrinin hakim olduğu dövrdə belə cəsarətli addımlar onu bir-neçə əsr qabağa çəkir, yaradıcılığının sərhədlərini genişləndirirdi.

Cavad Mircavadov kompozisiyalarında  gözəlliyin yaratdığı estetikliyi rədd edir, onların yerini kobud, cansıxıcı fiqurlar əvəz edir. Bu qorxulu,insanı vahiməyə boğan qarışıqlıq insanda ikrah hisslərini oyadır. Bəlkə onun gördüyü, ifadə etmək istədiyi gərçəklik məhz bu obrazların simasında öz əksini tapıb.  Rəssamın “Qaçırılma”, “Fayton”, “Oğlaq”, “Ümid işığı”, “Od Tanrısı”, “Meydan”, “Qadın balqabaqla”, “Nur saçan atlı”, “Hərəkət” əsərlərində istifadə etidyi rəng qamması şərq xalqlarının çox əsrlik miniatür sənəti, milli ornamentlərin düşünülmüş istifadəsi, xalça sənətindən bəhrələnən nizam onun rəsmlərini klassikləşdirir. 

Cavad Mircavadovun yaradıcılığında mühüm yer tutan “Yüzilliklərin himni” silsiləsi, “Azərbaycan dramaturqu Hüseyn Cavidə həsr olunur”, “Analıq” və “Maninin gəmisi”,  “İpək Yolu”  adlı milli ruhdan qaynaqlanan əsərlər ekspressiv, dramatizmlə dolu, şərq xalqlarının mədəniyyətini tərənnüm edən qeyri-adi rənglərlə zəngindir.  

Bunun nəticəsidir ki, kobud yaxmaların hərəkəti, isti rənglərin kətan müstəvisində bədii həlli, forma axtarışların kodlarını tapan rəssamın yaradıcılığının məşəlini işıqlandırır, onun ətrafına daha yeni nəsillərin toplanmasına imkan yaradır.

Nonkonformist rəssamlardan Əşrəf Muradoğlunun yaradcılığındakı avanqard kompozisiya həlli bu gün də aktualdır. Kompozisiya seçimi, ekspressiv rəngləri, obrazların emosionallığı rəssamın rəngkarlıq improvizələridir. Rəssamın ən uğurlu tablolarından olan 1973-cü ildə çəkdiyi “Ata və Oğul” və “Lenin Smolnıda” əsərləri obrazları özünəməxsusluğu ilə seçilir.

Rəssam əsərlərində ictimai-siyasi mövzulara müraciət edir, belə özünəməxsus münasibət onun təxəyyülündən sızıb kətana həkk olunurdu.Əşrəf Muradoğlunun əsərləri bizə yuxunu xatırladır. Deyirlər, bəzən yuxular gələcəkdən xəbər verir. Sovet İttifaqının zamanında rəssam əsərlərində bu rejimin gələcəyindən söz açırdı. Məsələn , “Lenin makinaçıya diktə edir” əsərində olduğu kimi. Burada Lenin sanki, tökülən qanların fərqinə varmadan diktəsini edir, makinaçı isə əksinə rejimə zidd çıxaraq keçmişinə baxıb görünən qara qapıdan gələcəyə çıxış yolu axtarır.

“Ata və oğul ” rəssamın ən uğurlu işlərindəndir. Əsərdə qatı qırmızı rəng kompozisiyaya elə yayılmışdır ki, sanki tablo nəfəs alır. Ata və oğul arasında olan mənəvi tellər bir növ rənglərdə materiyalaşır, nəsillərin varisliyini ifadə edir.

Rəssamın tablolarına hakim olan tünd rənglər onun qeyri-adi görmə bacarığını nümayiş etdirir. Qara rəng onun üçün işıq mənbəyi idi, həmin rəngdən süzülən çalarlar kətanı aydınladır, avanqard görüntü yaradırdı.  XX əsrin 70-ci illərdə kətana köçürdüyü “Qara eynəkli qız”, “Çanta ilə qadın”, “İdmançı”, “Ağ geyimli qadınlar”, “Tennisçi” kimi tablolarında ifadə etdiyi obrazların fiqurları donuq, proporsiyaları uzadılmış, siluetik xətlərin kontrastı, kəskin rənglərin əhatəsində daha canlı və ifadəlidir.

Dünyada ilk qadın kosmonavt Valentina Tereşkovaya həsr etdiyi portret rəssamın yaradıcılığının xüsüsi diapozununu təşkil edir.  

Uzun illər Cavad Mircavadovla dostluq münasibətində olan avanqard baxışlı, maddi həyatdan imtina edib özünü yaradıcılığa həsr edən rəssam Qorxmaz Əfəndiyevin sənət yolu da həyatı kimi mürəkkəb olmuşdur.   

Bütün yaradıcılığı boyu mühüm əhəmiyyət verdiyi əsərin teksturası onun üçün başlıca məsələyə çevrilir. Qorxmaz Əfəndiyevin yaradıcılığının son dövrü tekstura ilə dərindən işləməsi ilə fərqlənir. Sanki məqsədi antimateriya yaratmaqdı. İlk baxışdan mümkünsüz görünən bu axtarış həm də paradoksal bir hal idi. Axı, o bu antimateriyanı real material maddələrlə yaratmalı idi. Əslində yaradılmış tablo özü də materiya idi. Odur ki, o, xətdən də imtina edir, rənglərin isə son dərəcə asketik tonallığını seçir. Yalnız teksturanın sayəsində mənəviyyata, işığa çıxmağa cəhd edir. Bu isə sənətdə çox çətin, daşlı-kəsəkli yol idi.

Digər avanqard rəssamlardan Kamal Əhmədi xüsüsilə vurğulamaq lazımdır. Onun əsərləri simvolika ilə doludur.  Onun rəsmlərində intusiya, daxili hissiyat həmişə rəssamı müşayiət edir, yaradıcılığında əsas bələdçisinə çevrilir.  Abşeron torpağı bir çox rəssamın ilham mənbəyi olduğu kimi Kamal Əhmədi də öz energetikası ilə əhatələmişdir.  O, da digər rəssam həmkarları kimi incəsənətdə öz yolunu tapmış, sosialist realizm ənənələrindən imtina etmişdir. Onun tabloları qara və qırmızı rənglə əhatələnib. İşıq tabloya bu kontrast rənglərdən daxil olur, fiqurlar uzadılmış, obrazların ifadələri şərti, maili xətlərlə haşiyələnib. Kamal Əhmədin rəsmlərində xeyr və şərin, zülmətlə aydınlığın, ölüm ilə yaşamın, sevgi ilə nifrətin mübarizəsi bir-birini izləyir.  Kompozisiyaya qəsdən elavə etdiyi molbert, lampa, ikigözlü it, at kəlləsi kimi simvolik təsvirlər ilə rəssam bir növ ətrafında baş verən bütün hərc-mərclik, ədalətsizlik, özbaşınalığı duyub, dərk etdiyi buna laqeyd yanaşmadığını açıq-aşkar göstərməyə səy göstərməyə çalışırdı. 

Biz Azərbaycan nonkonformist rəssamlarından danışırıqsa əgər Azərbaycan heykəltəraşlıq sənətində təkrarsız iz qoyan avanqard üslubun təsisçisi Fazil Nəcəfovdan mütləq söz etməliyik.     

Rəssamın təhsil aldığı siyasi və mədəni mühit incəsənətdə ideoloji nəzarətin gücləndiyi zamanlar idi. Sosialist realizm qaydaları incəsənətin bütün sahələrində olduğu kimi heykəltəraşlıqda da öz sözünü deyirdi. Fazil Nəcəfov diplom işi üçün işlədiyi neftçilərin əməyinə həsr etdiyi kompozisiya rəhbəri Nikolay Vasilyeviç Tomiski tərəfindən sərt qarşılandı. Heykəltəraşın bu mövzuda daha ekspressiv həll etdiyi, fiqurların monumentallığı ilə seçilən bu dinamik kompozisiyaya  müraciət etməsi heç də təsadüfi deyildi. Sözsüz ki, həmin dövrdə metal dirəklərin üstündəki estakadalar üzərində  salınan neft daşları, Xəzəri öz əhatəsinə alan bu möcüzə bütün yaradıcı insanaları ovsunlayırdı. Fazil Nəcəfov bütün tənqidlərə, “yuxarıların” göstərişlərinə baxmayaraq öz diplom işini qətiyyətlə dəyişdirmirdi.  

Heç şübhəsiz ki, rəssam Rasim Babayevlə eyni sənət taleyini yaşayan, Bakıya diplomsuz qayıdan heykəltəraş dövrün öncülərindən olan, daha sonra 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinin qızıl dövrünə öz imzalarını yazdıracaq Cavad Mircavadov, Tofiq Cavadov, Kamal Əhməd, Rasim Babayev kimi rəssamlarla birgə Abşeronu dolaşması, yeni motiv axtarışları yaradıcılıq yolunun yeni mərhələsini təşkil etmişdir.

Fazil Nəcəfovun 1970-80-ci illərdə hazırladığı heykəllər öz emosianallığı, ifadəliliyi, fiqurların böyüdülmüş proporsiyalarına baxmayaraq estetikliyi ilə digər heykəltəraşlıq nümunələrindən fərqlənir, avanqard üslubun xüsusiyyətlərini özündə cəmləşdirir.

Heykəltəraş müraciət etdiyi fiqurlarla insanın daxili aləmini, onun ağrı və acılarını, mövcudluğun dözülməz hallarını açmağa can atır. Bu fəlsəfi, insanı düşünməyə məcbur edən mövzular, həyatın sadə bir anını əbədiləşdirmə istəyindən qaynaqlanır. Onun müraciət etdiyi fəlsəfə yüklü mövzular, kompozisiyalar bir qədər mürəkkəbdir.

Yaşadığımız cəmiyyətin fərqli kateqoriyalarına müraciət etməsi “Korlar”, “Yatmış qoca”, “Ağrı, “Çılpaq qadın” kimi heykəl nümunələrini tədqiqat nöqteyi-nəzərdən yanaşıldıqda- bu gün də aktual və baxımlı edir. Bu isə öz növbəsində heykəltəraşın öz əsrini geridə qoyub yeni üfüqlər adlamasının, klassik, hər zaman bəşəri ideyalara sadiqliyinin göstəricisidir.

Beləki, sənət və sənətçi öz rəngləri, ifadə vasitələri ilə bütün dövrləri boyamağa davam edir.

Məqalə “Mədəniyyət” jurnalının 3- cü sayında dərc edilmişdir.

Həmidə Süleymanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi