"Emalatxanada Görüş" layihəsi çərçivəsində heykəltəraş Akif Əsgərovun emalatxanasında görüş baş tutub

04.12.2020 / Görüşlər
"Emalatxanada Görüş" layihəsi çərçivəsində heykəltəraş Akif Əsgərovun emalatxanasında görüş baş tutub

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları "Emalatxanada Görüş" layihəsi çərçivəsində heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun emalatxanasında olub və  heykəltəraşdan yaradıcılığı haqqında ətraflı  müsahibə almışlar. 

Təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində , sonra isə İ.E.Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (Rəssamlıq Akademiyasında) M.K.Anikuşinin emalatxanasında alan heykəltəraşın yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlığı təşkil edir.

Əmək fəaliyyətinə 1970-ci ildə SSRİ Rəssamlıq Akademiyasının Bakıdakı Yaradıcılıq Emalatxanasında heykəltəraş kimi başlamışdır. 1973-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə müəllim təyin olunmuşdur. 2001-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Kollecinin direktoru vəzifəsində çalışmışdır. 2011-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq kafedrasının professorudur. 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Akif Əsgərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Su içərkən”, “Rəfiqələr” (1986), “Oturan qız” (1992), “Qız fikir dünyasında”, “Oğlan uşaqları xalça üstündə” (1994), “Ayaq üstə duran çılpaq qız” və s. kimi onlarla dəzgah heykəltəraşlığı əsərlərinin yaradıcısıdır.

Heykəltəraş “General şəhidlərə abidə” (1996, Urmiya), Yusif  Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi (2012, Bakı), “Nizami Gəncəvinin büstü” (2001, Kişnyov),  Əli Mərdan bəy Topçubaşovun qəbirüstü abidəsi (2002, Paris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (2005, Sloveniya), Frideş Podmaniskinin (2010, Budapeşt) xatirə lövhəsi, Ulu öndər Heydər Əliyevin abidələri (Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala, Misir, Bakı, Türkiyə, Tbilisi, Qusar 2004-2012-ci illərdə) müəllifi, “Xocalı “(2011, Berlin), “Dostluq” (2012, Qniezno) abidələrinin həmmüəllifidir.

Heykəltəraşın əsərləri Azərbaycan və müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Onun əsərlərləri Fransa, Almaniya, ABŞ, Türkiyə, İngiltərədə şəxsi kolleksiyalarında saxlanılır. Bunlardan Volqoqrad İncəsənət Muzeyində saxlanılan “Mənim qızım” (1989) və Moskvada Tretyakov Qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərini qeyd etmək  olar.

Akif Əsgərov 30 aprel 2020-ci ildə ikinci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.