Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir

17.12.2020 / Müsahibələr, çıxışlar
Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir

Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir. Layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallardan ibarət müsahibə vasitəsi ilə rəssamların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. İlk müsahibimiz əməkdar rəssam Rəşad Mehdiyevdir. O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirmişdir. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi keçirilmiş, bir-neçə beynəlxalq simpozium və festivalda iştirak etmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.