“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə əsər qəbulu başa çatıb.

05.05.2021 / Festival
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə əsər qəbulu başa çatıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilən “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.  

Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən yaşı 21-ə qədər olan 1500-ə yaxın uşaq, yeniyetmə və gənc 2000-dən çox əsər təqdim etmişdir.

Müsabiqənin  şərtlərinə uyğun olaraq 3 yaş kateqoriyası üzrə seçim aparılacaqdır.   

Əsərlərin müəllifləri sertifikatla və müsabiqənin iştirakçıları olan fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Seçilmiş əsərlər Xətai Sənət Mərkəzinin sosial media hesabları üzərindən mərhələli surətdə paylaşılacaq, eyni zamanda elektron kataloqa daxil olunacaqdır.

Həmçinin, hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivalın növbəti mərhələsində iştirak etmək üçün koronavirusla mübarizə tədbirlərinə əməl olunmaqla Xətai Sənət Mətkəzinə dəvət ediləcəklər.   

Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.    

Qeyd edək ki, müsabiqəyə Bakı Xətai Sənət Mərkəzinin  “Facebook” sosial media hesabı üzərində açılmış xüsusi qrupda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) 1 və ya  2 əsərinin fotosu ilə bərabər ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə  nömrəsini yerləşdirməklə qatılmaq mümkün olmuşdur.

Mətbuat dəstəkçiləri:  Azərtac, Lider TV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az  və Tanışolaq jurnalıdır.  

Hollandiyanın boya markası olan “Royal&Talens”in "Artcreation" brendi tərəfindən tədbirin təşkilinə dəstək verilir.