“Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb

16.07.2021 / Sərgilər
“Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb

Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb və akvarel sərgisi üçün işıq üzü görən kataloqu sənətsevərlərə təqdim edib. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov akvarel texnikasının rəssamlıqda rolundan bəhs edib və son vaxtlar  keçirilən akvarel tədbirlərinin qənaət bəxş olduğunu bildirib. Sənətşünas Ziyadxan Əliyev akvarelin əsl Şərq - Azərbaycan sənəti olduğunu qeyd edib. Beynəlxalq suluboya cəmiyyəti  Azərbaycan  nümayəndəliyinin sədri Xasay Mirzəyev Beynəlxalq  Suluboya Cəmiyyətinin ölkəmizdəki fəaliyyətindən danışıb. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarını salamlamlayaraq Xətai  Akvarel Qalereyasının qapılarının hər zaman akvarelistlərin üzünə açıq olduğunu bildirib.  

Sərgidə 51 iştirakçının 100-ə qədər əsəri təqdim olunub.