Masallıda gənc rəssam və rejissorların əsərləri nümayiş olunub

07.02.2017 / Mühüm hadisələr
Masallıda gənc rəssam və rejissorların əsərləri nümayiş olunub

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə təşkilatçılığı ilə həyata keçirilən “Gəncliyin səsi” incəsənət festivalı çərçivəsində fevralın 4-də Masallı şəhərindəki “ASAN həyat” kompleksində gənc rəssamların sərgisi və gənc rejissorların filmlərinin nümayişi olub.

 “ASAN həyat” kompleksinin incəsənət məktəbində Cəlilabad, Masallı və Yardımlı rayonlarının gənc rəssamlarının müxtəlif janrlarda işlədiyi 88 rəsm əsəri nümayiş etdirilib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev bildirib ki, “Gəncliyin səsi” incəsənət festivalı gənclərin böyük marağına səbəb olub. O, bu il festivalın əhatə dairəsinin daha da genişləndiyini, regionlarda müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova “Gəncliyin səsi” incəsənət festivalı çərçivəsində keçirilən tədbirlərin gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların dünyagörüşünün formalaşmasında rolunu yüksək dəyərləndiriblər.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksinin kinoklubunda gənc rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyevin Qarabağ mövzusunda lentə aldıqları “İnikas” və “Qara bağ” qısametrajlı filmə tamaşa ediblər. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmlərin nümayişi başa çatdıqdan sonra gənc rejissorlar sualları cavablandırıblar.