ELANLAR

90

“Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılacaq

14.04.2025
“Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılacaq

2025-ci il aprelin 15-də Masallı Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi açılacaq.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” səyyar sərgisi Azərbaycanda etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədilə keçiriləcək.

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Azərbaycanın tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqrafları Birliyinin kolleksiyasına aid fotolar yer alacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarda təsviri sənətə marağı artırmaq məqsədilə çox saylı tədbirlər təşkil edir.

Həmçinin, tədbir zamanı “Genetik kod ağacı” adlı interaktiv sərgi təşkil ediləcək, “Əks səda” instalyasiya  da nümayiş etdiriləcək, son olaraq isə Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Azərbaycan Respublikasının Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə ustad dərsləri keçiriləcəkdir. 

Sərginin açılış mərasimi saat 12:00-da Masallıda baş tutacaq. Sərgi 15-29 aprel tarixlərində davam edəcək.