ELANLAR

2802

“21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir.

18.05.2018
“21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş “21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi 21 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü (World Day for Cultural Diversity for Dialogue and Development) ilk dəfə 2003-cü il mayın 21-də ilk dəfə qeyd olunub. Mədəni müxtəliflik həyatımızı sivil yollarla zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun inkişafına imkan yaradır. Bü gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir. 
Müasir dünyada mədəni müxtəlifliyin belə təhlükə qarşısında qaldığı bir dönəmdə - 2008-ci ildə "Bakı prosesi" Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Xatırladaq ki, 18-29 yaşlı gənclər arasında keçirilən müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınmasını işinə töhfə verilməsi, Azərbaycan dövlətinin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, həmçinin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara marağının daha da artırılması məqsədilə keçirilir.
Qaliblər mükafat və fəxri fərmanla mükafatlandırılacaq, eyni zamanda “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunacaqdır.