ELANLAR
“Qrafika 2019” adlı rəsm sərgisi keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8-18 yanvar tarixində Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Xatırlatmaq lazımdır ki, müsabiqə müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə elan olunmuşdur.
Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş, 76 əsər seçilərək sərgidə iştirak etmək şansı qazanmışdır.
Sərgi davam etdiyi müddətcə müxtəlif tədbirlər, o cümlədən, qrafika ustaları, gənc qrafiklər, mətbəə işçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sərgidə klassik və gənc qrafiklərin əsərləri yer alacaqdır.
Əsərlər arasından I, II, III yer, həvəsləndirici mükafat o cümlədən, qrafikanın müxtəlif texnikaları üzrə nominasiya mükafatları ilə təltif olunacaqlar.
Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.
Müsabiqənin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8 yanvar tarixində Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaqdır.