ELANLAR

2648

Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək

15.02.2019
Rafis İsmayılovun 80 illik yubileyi  keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il fevral ayının 15-də saat 16:00-da  Muzey Mərkəzində Rafis İsmayılovun 80 illik yubileyi  keçiriləcəkdir.

Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini (müəllimləri: Kamil Xanlarov və Abdulxalıq), 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (müəllimləri: M.A. Boqdanov, Nemenskiy və Qenadiy Myasnilkov) bitirmişdir. “Azərbaycanfilm” Kinostudiyasında 1970-2007-ci ildə quruluşçu-rejissor işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışmışdır.

Rafis İsmayılov “Danışan işıqlar”, “Xeyir və Şər", “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olmuşdur. Həmçinin “Azərnəşr” Dövlət  nəşriyyatında bir sıra kitablara tərtibat vermişdir. Onlardan “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitabları qeyd etmək olar. Rəssam atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir.

Rafis İsmayılov 2003-2005-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat vermişdir.

Rəssamın 2008-ci ildə “Şərqdən-Şərqə” adlı sərgisi keçirilmişdir.

O, 1978-ci ildə "Azərbaycan Dövlət mükafatı", 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.

Rafis İsmayılov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-cı ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının üzvü olmuşdur.

Rafis İsmayılova 1982-ci ildə Azərbaycanın Əməkdar Rəssamı, 2000-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adları verilmişdir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Rafis İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat  keçiriləcək.