![ELANLAR](https://azgallery.az/template/img/page_in_bg.jpg)
ELANLAR
Əməkdar Rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən Rayonunda təqdimatı keçiriləcəkdir
![Əməkdar Rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən Rayonunda təqdimatı keçiriləcəkdir](https://azgallery.az/uploads/announce/6uutrujtuxht5yse4y1509515770.jpg)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə”xüsusi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 3 noyabr 2017-ci il tarixində (saat 15:00) anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycanın görkəmli fırça ustası, Əməkdar rəssam Həsən Haqverdiyevin əsərlərinin Balakən rayonundakı H.Əliyev Mərkəzində təqdimatı keçiriləcəkdir.
Qeyd edək ki, bu sərgi 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilir.
Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Onun yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssamın fərdi yaradıcılıq sərgisi 50 il bundan öncə - 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, 100 illik yubiley sərgisi isə cari il oktyabr ayının 27-də Muzey Mərkəzində keçirilmişdir.