Ümumi məlumat

Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmışdır.

Azərbaycan Dövlət Rəsm Qalereyası milli incəsənətimizin qorunması, tanıdılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qalereyanın fəaliyyəti eyni zamanda milli rəssamlarımızın yaradıcılığının tanıdılması, milli mədəniyyətin təbliği, estetik tərbiyə və yaradıcılıq ruhunun təşviqi və dəyərləndirilməsi baxımından da mühüm rol oynayır. 

Qalereya mədəni sərvətlərin dərindən öyrənilməsini və tədqiqini təşkil etmək, həmin sahələrdə materialların əldə edilməsi, toplanılması, kataloqlaşdırılması, fondlarda qorunub saxlanılması, dərc edilməsi və nümayiş olunmasını təmin etmək,bu sahələrdə tədbirlər görmək və təkliflər hazırlamaq əsas vəzifələrindəndir.

Son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanmışdır. Qalereyanın fondu rəssamlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət sahələrini əhatə edən minlərlə sənət əsərindən ibarətdir. Bu əsərlər hər biri öz dövrünü, sənətkarlıq xüsusiyyətlərini və müəllifin dünyagörüşünü əks etdirən unikal nümunələrdir. Onlar təkcə estetik baxımdan deyil, həm də tarixi və elmi baxımdan əhəmiyyətlidir.Fonddakı əsərlər vasitəsilə incəsənət tariximizin müxtəlif mərhələlərini araşdırmaq, milli sənət məktəblərinin formalaşma prosesini izləmək mümkündür.    

Qalereyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Qalereyanın öz fondunda və fondlarının uçotu və mühafizəsi işlərinin təşkilinə nəzarət etdiyi digər dövlət rəsm qalereyalarında olan mədəni sərvətlərin elmi cəhətdən tədqiq olunması, sistemləşdirilməsi, elektron kataloqlaşdırılması, həmçinin dövlət rəsm qalereyalarının fondlarında saxlanılan əsərlərin vahid elektron kataloqda qeydiyyatının aparılması;
  • mədəni sərvətlərin bərpası;
  • təsviri və dekorativ-tətbiqi sənət elmi istiqamətləri üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi;
  • yüksək bədii dəyərə malik təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin yaradılması üçün sifarişlərin verilməsi, bunun üçün müsbiqə və festivalların təşkili;
  • təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında analitik materialların hazırlanması, onların inkişafına dair tövsiyyələrin hazırlanıb Nazirliyə təqdim edilməsi;

Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir.