DTS

Azərbaycan təsviri sənətinin növlərindən biri də dekorativ tətbiqi sənətdir. Dekorativ-tətbiqi sənət əsərləri növlərinə xalçaçılıq, batika (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və s. aiddir.

XI-XV yüzilliklərdə Azərbaycan dekorativ sənət növləri içərisində keramika mühüm yer tuturdu. Azərbaycan keramika sənəti nümunələri həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür.Bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq edilən kaşılardır. Azərbaycan keramika sənətinin ən böyük zirvəsi şirli saxsı məmulatları istehsalıdır.

XVI-XVII yüzilliklərdə Azərbaycan parçaları içərisində ən görkəmli yeri saray emalatxanalarında toxunan ali və zərli adlı parçalar tutur. Nəbati ornamentlə bəzədilmiş parçalardan bizə gəlib çatmış ən orjinalı XV-XVI yüzilliklərə aid edilən parça tikəsidir. 

XVI-XVII yüzillikdə toxunmuş bədii parçaların dövrün miniatür sənətinin təsiri altında yaranmasını Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilən iki parça nümunəsi də təsdiq edir.  

XVI-XVII yüzillikdə Azərbaycan xalçalarında dövrün ən çox yayılmış bəzək ünsürlərindən olan nəbati ornamentlərə daha çox rast gəlirik. Bu dövrdə yaradılmış xalçalar içərisində 1539-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş xalını xüsusilə qeyd etmək lazımdır.

XVIII yüzillikdə Qarabağ, Gəncə, Qazax, Quba, Şamaxı və Bakıda toxunmuş bir neçə xovlu və xovsuz nadir xalça nümunələri hazırda ölkəmizdə, eləcə də xaricdə bəzi muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır.

XVIII yüzillikdə Azərbaycanda xovlu xalçalarla yanaşı, külli miqdarda yüksək keyfiyyətli, həyat və məişətdə geniş istifadə olunan xovsuz xalça:kilim, palaz, vərni, şəddə, sumax, zili də istehsal olunurdu.

XVIII-XIX yüzillikdən dövrümüzə qədər bir çox zərgərlik nümunələri də gəlib çatmışdır. Bədii metal sənəti sahəsində araşdırmalar göstərir ki, XVIII yüzillikdə Azərbaycanda metaldan hazırlanmış məişət və zinət əşyaları, silah əsas etibarilə 6 texniki üsulla bəzədilirdi.

Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur, birincisi, qızıl və gümüş tellərlə əşyanın əsasını təşkil edir, ikincisi isə həmin əşyanın üzərini bəzəyir.

Azərbaycanda misgərlik sənətinin ən görkəmli mərkəzi o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idiLahıcda XIX yüzilliyin 70-ci illərində minə yaxın adam misgərlik sənəti ilə məşğul olurdu.

XX yüzilliyin əvvələrindən başlayaraq, Azərbaycanın dekorativ-tətbiqi sənətləri yeni inkişafa başlayır. Həmin illərdə xalq dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq daha da inkişaf edir.

Ornamental xalçalarla yanaşı həmin dövrdə portretlərlə və süjetli kompozisiyalı xalçalar da inkişaf edirdi. Həmin illərdə Azərbaycanda yaradılan süjetli tematik xalçalar sırasına dünya ədəbiyyatının klassiki İran şairi Firdovsinin portretinin toxunduğu xalçanı, həmçinin XII əsrin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemalarındakı süjetlərə həsr edilən xalıları aid etmək olar.  

Azərbaycanın dekorativ-tətbiqi sənətinin növbəti inkişaf mərhələsi 1950-ci illərə təsadüf edir. Bu dövrdə Oqtay Şıxəliyevin “Şirin ovda” adlandırdığı iri çini vaza diqqəti cəlb edir. Vaza üzərindəki təsvir Nizaminin "Xosrov və Şirin" poemasından götürülmüş ov səhnəsidir. Bu illərdə nümunəvi xarakter daşıyan başqa sənət əsəri Həyat Abdullayevanın çinidən yaratdığı “Yeddi gözəl” adlı dekorativ-heykəl qrup idi. 

Dekorativ-tətbiqi sənətimizin orjinal növlərindən olan bədii ağac emalı sahəsində bu illərdə müəyyən müvəffəqiyyətlər əldə edilmişdir. Həmin illərdə həm texniki, həm də bədii səviyyəsinə görə ağac məmulatları arasında birincilik inkrustasiya və intarsiya texnikası ilə bəzənən ağac məmulatlarına verilirdi.