XƏBƏRLƏR
Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabr ayının 20-də Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı oldu.
Sərgini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi təsviri sənət sektorunun müdiri Qalib Qasımov açıq elan edərək ekspozisiyasında nümayiş edilən Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan qiymətli əsərlərdən söz açdı. Sərgidə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva rəssamın geniş yaradıcılıq yolunu tamaşaçıların diqqətinə çatdırdı. Bildirdi ki, 40-a yaxın filmin quruluşçu rəssamı olmuş Kamil Nəcəfzadə səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri də yaratmışdır. Belə əsərlərdən “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” adlarını qeyd etmək olar. Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin “Knyaz” (1964-cü il) və S.Vurğunun “Fərhad və Şirin” (1976) və s. əsərlərinə quruluş vermişdir.
Sərgidə Kamil Nəcəfzadənin oğlu Şamil Nəcəfzadə və nəvəsi Aysel Nəcəfzadə çıxış edərək rəssamın xatirəsindən söz açıblar.
Kamil Nəcəfzadənin qızı Aynur Nəcəfzadə öz təşəbbüsü ilə keçirilən fərdi sərgilərdən bəhs edib. Qeyd edib ki, rəssamın bir əsəri Amerikada Ağ ev də saxlanılır.
Rəssamın əsərləri Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Kamil Nəcəfzadə kino və rəngkarlıq sahəsindəki nailiyyətlərinə görə 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı kimi yüksək fəxri adlara, iki dəfə Dövlət mükafatına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Rəssam müstəqil respublikamızın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülmüşdü.
Sərgidə nümayiş olunan rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.
Sərgi dekabrın 27-ə kimi davam edəcək.