XƏBƏRLƏR
“Rəngkarlığın ilkin anlayışı və bərpa metodları” adlı seminar keçirildi
19 fevral tarixində “AXIN” üzvləri bərpaçı rəssam Sabir Hüseynov tərəfindən keçirilən “Rəngkarlığın ilkin anlayışı və bərpa metodları” adlı seminarda iştirak ediblər. Tədbirdə gənclər rəngkarlığın tarixi və bərpa üsulları haqqında dəyərli məlumatlar aldılar.
Sabir Hüseynov 2 oktyabr 1956-cı ildə Azərbaycanın şəhəri olan İrəvanın Uluxanlı kəndində anadan olmuşdur. İlk təhsilini Əzim Əzimzadə adına rəssamlıq məktəbində (1974-1978) almışdır. Onun diplom işi “Qaynaqçı” adlı kompozisiya olmuşdur. Təhsilini başa vurduqdan sonra Gürcüstana getmiş, Tiflis Rəssamlıq Akademiyasının “Rəngkarlıq və bərpaçılıq” fakultəsində təhsilini davam etdirmişdir. Təhsil sonrası Bakıda Bəylər məscidində yerləşən R.Mustafayev adına rəhbəri respublikanın ilk bərpaçı-rəssamı olan Fərhad Hacıyevin emalatxanasında çalışmışdır. Bərpaçı-rəssam Sabir Hüseynovun yaradıcılığını əsasən dəzgah rəngkarlığına aid olan əsərlər təşkil edir. Ekspressionizm cərəyanının nümayəndəsidir. Milli ənənələrimizdən məharətlə istifadə etməsi hər bir əsərinin ana xəttini təşkil edir. O, müxtəlif dövrlərdə yağlı boya texnikası ilə ərsəyə gətirdiyi “Səttar Bəhlulzadə”, “Qadın”, “Sara nənə”, “Sara nənə gül yığır”, “Qovurma bişirən ana”, “Mərdəkan qalası”, “Fatmai məscidi” və s. kimi portret, mənzərə, məişət janrlı əsərlərin müəllifidir.
Sabir Hüseynovun bir çox şəhərlərdə Türkiyənin İstanbul, Ankara, İzmir həmçinin Yunanıstanın Meqara şəhərində fərdi sərgiləri keçirilmişdir. Nəticə olaraq müxtəlif təltif və diplomlara layiq görülmüşdür. Onun iki əsəri hazırda Yunanıstanın Milli muzeyində saxlanılır. Eyni zamanda İstanbulda “Yaxşı Baraz” və Bəyoğlunda “Bələdiyyə” qalereyalarında bərpaçı-rəssam kimi fəaliyyət göstərmişdir.