“Evdə Qal-Qalib Gəl! layihəsi çərçivəsində "Köhnə bağlar" filmi işıq üzü görüb.

09.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl! layihəsi çərçivəsində "Köhnə bağlar"  filmi işıq üzü görüb.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən  “Evdə Qal-Qalib Gəl! layihəsinə qoşulan rəssam Vüqar Əli  layihəyə öz töhvəsini verməyə davam edir.

"Evdə qal-Qalib gəl!" layihəsi çərçivəsində Vüqar Əlinin 1986-1998-ci illərə aid Bakı və Bakı kəndlərini tərənüm edən etüdlərindən bəhs edən "Köhnə bağlar"  filmi işıq üzü görüb. Filmin ərsəyə gəlməsində rəssamın sözlərinə görə istedadlı sənətkar  Vüqar Əbdülovun rolu böyükdür.  

Xatırladaq ki, Vüqar Əli oğlu Əliyev 1970-ci il martın 16-də Bakı şəhərində anadan olmuşdur. O, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində bədii rəssamlıq  ixtisası üzrə, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun sənaye qrafikası fakültəsində təhsil almışdır.

O, 1994-cü ildən başlayaraq 20-ə yaxın sərginin iştirakçısı olmuşdur. 2007-ci ildə İran İslam Respublikasında keçirilən Biennaledə diploma layiq görülmüşdür. Vüqar Əli 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-2010-cı illərdə təkcə Bakıdakı Muzey Mərkəzində rəssamın 8 sərgisi, 2015-ci ildə Abşeron mövzusunda çəkdiyi əsərlərdən ibarət sərgisi, 2016-cı ildə “Landmark Rotunda” Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə caz musiqisinə həsr olunmuş müxtəlif mövzulu rəsm əsərlərindən ibarət sərgisi keçirilmişdir. Əsərləri Türkiyə, Almaniya, Estoniya, Polşa, Norveç, Rusiya və Bolqarıstanda şəxsi kolleksiyalarda saxlanılır.

2019-cu ildə Bakıda Muzey Mərkəzində rəssamın "Rənglərin ritmi" adlı fərdi sərgisi keçirilmişdir.