“Evdə Qal-Qalib Gəl!” layihəsinə Xalq rəssamı Arif Əziz qoşulub

10.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl!” layihəsinə Xalq rəssamı Arif Əziz qoşulub

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqəsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir.

Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir. 

Bu çağırışa qoşulanlar sırasında Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz də var. 

Qeyd etmək lazımdır ki, Arif Əzizin yaradıcılığının erkən dövrü teatr-dekor sənəti ilə bağlıdır. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən isə Reklamçılar İttifaqının üzvüdür. O, iki dəfə 1983 və 1987-ci illərdə Seneqalda olmuş və onun "Seneqal maskaları", "Oyanma", "Dakarda məscid", “Rəqs” və "Seneqal mənzərələri" adlı əsərləri vardır. Arif Əziz yaradıcılığının seçilən əsərlərindən “Həyat Rəmzi”, “Abşeron naxışları”, “Yuxu”, “Göy cisimləri”, “Karvan”, “Qələ”, “Mulen Ruj” (silsilə) adlarını qeyd etmək olar.

1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda prorektor vəzifəsində işləmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Institutunun “Kompozisiya” kafedrasında baş müəllim vəzifəsindən kafedra müdiri (1991), professor (1992) vəzifələrinə qədər yüksəlmişdir. Arif Əziz təsviri sənət sahəsində rəssam-dizayner kimi uğurlarına və ali təhsil sahəsində nailiyyətlərinə görə 1985-ci ildə “Şərəf nişanı” ordeni, 1992-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adı, 2018-ci ilin yanvar ayında "Şöhrət" ordeni ilə təltif edilmişdir.