XƏBƏRLƏR
Kolleksiyaçı Helen Kröller-Müller
Helen Kröller-Müller böyük bir sənət kolleksiyasını bir araya gətirən ilk Avropa qadınlarındandır. O həm də Vinsent Van Qoqun dahiliyinin və əsərlərinin bədii dəyərinin fərqində olan ilk kolleksionerlərdəndir.
Helen Müller 1869-cu ildə Almaniyanın Rur vilayətinin ikinci böyük şəhəri olan Essendə (Horst kəndində) varlı ailədə doğulmuşdur. Atası dəmir və polad ticarəti ilə məşğul olan Uilhelm H.Müller&Co şirkətinin qurucusu idi.
O, 1888-ci ildə şirkətin Rotterdam şöbəsindən məsul olan Niderlandlı Anton Kröller ilə ailə həyatı qurur və onlar həmin şəhərdə yaşayır. 1889-cu ildə Uilhelm Müllerin vəfatından sonra 27 yaşlı Anton şirkətin rəhbəri olur. Onların 4 övladı olur. Bundan sonra ailə Harinqvlitdəki malikanəyə köçür. 1895-ci ildə Anton Niderland Buxar Gəmisi Kompaniyasına yiyələnir, hansı ki bu şirkət Rotterdam və Amsterdamdan Londona yük daşıyırdı.
1905-ci ildən etibarən Helen öz qızı ilə Niderland rəssamı, sənət tənqidçisi və kolleksiyaçı Henk Bremmerdən sənət dərsləri alır. Müəlliminin məsləhəti ilə Helen rəsm əsərlərini kolleksiya etməyə başlayır. O, hələ buna qədər antik mebelləri, Delft keramik qablarını və Çin keramik sənət nümunələrini kolleksiya edirdi.
O ilk olaraq Haaqa məktəbinin nümayəndəsi, eyni zamanda Niderland impressionistlərindən hesab olunan Pol Qabrielin 1887-ci ildə mənzərə fonunda uzaqdan gələn bir qatarın təsvir olunduğu “Uzaqdan gəlir” (“Il vient de loin”) adlı əsərini kolleksiyasına daxil edir.
1907-ci ildə Helen müəllimini öz sənət kolleksiyasını yaratmaq üçün məsləhətçi təyin edir. Bremmerin məsləhətçi kimi fəaliyyəti sayəsində dövrün bir çox çağdaş rəssamlarının yaradıcılığı işıqlandırılmışdır. Onun fəaliyyətə başladığı ildən etibarən modern sənət nümunələri Helenin diqqət mərkəzinə çevrilir. Bremmer özü Vinsent van Qoq yaradıcılığına məftun idi. O, Helenə məsləhət görür ki, o zaman hələ də kifayət qədər tanınıb qəbul edilməyən bir rəssam Vinsent van Qoqun əsərlərini alsın. 1908-ci ildə kolleksiyaçı rəssamın “Dörd solmuş günəbaxan” və “Meşə kənarı” adlı əsərlərini alır. Bir il sonra isə daha iki rəsm əsərini – “Toxumsəpən” (J.F.Millenin eyniadlı əsərinə əsasən) və “Limon səbəti və şüşə” adlı əsərlərini kolleksiyasına əlavə edir.
1910-cu ildə qızı ilə İtaliyaya səyahəti zamanı Roma, Milan, Florensiyanın memarlığına heyran olan Helenin topladığı əsərləri saxlamaq və nümayiş etdirmək üçün bina tikdirmək ideyası yaranır. 1911-ci ildə o qəfildən ağır xəstələnir və əməliyyat olunur. Lakin əməliyyata qədər o söz verir ki, əgər əməliyyat uğurla başa çatsa, kolleksiyasının yerləşdirilməsi və sərgilənməsi üçün ev muzeyi kimi nəzərdə tutulan bir bina inşa etdirəcək. Beləliklə, o sağ-salamat əməliyyatını başa vurur, planını həyata keçirtmək üçün Haaqadan çox da uzaq olmayan Vassenaar adlı bir ərazidə torpaq sahəsi satın alır.
Eyni zamanda Kröllerlər kolleksiyalarını yeni əsərlərlə zənginləşdirməklə də məşğul olurlar. Helenin həyat yoldaşı Anton zamanla rəsm əsərlərinin toplandığı sərgi zallarına gedir, auksionlarda iştirak edirdi. Onun diqqət mərkəzində əsasən XVII əsrə aid sənət nümunələri idi. Lakin bu dövrdə Helenin diqqəti Vinsent van Qoqun da yaradıcılığında önəmli yer tutan Fransa və Niderland rəssamlığında idi. O, müəllimi Bremmeri Niderland və xarici ölkələrdə keçirilən sərgi və auksionlarda müşayiət edirdi. 1912-ci ilin aprel ayında belə bir səfər zamanı Helen Parisdə Vinsentin 15 əsərini, həmçinin Jorj Syöra və Pol Sinyakın liman mənzərəsini əks etdirən 2 əsərini satın alır. Bir müddət sonra isə Amsterdamda keçirilən auksionda Hugendayk kolleksiyasına məxsus Van Qoqun da 4 əsəri daxil olmaqla, Onore Domye, Jan Torop, Jan-Baptist Kamil Koro və Odilon Redonun müəllifi olduğu daha 15 əsəri alaraq kolleksiyasına daxil edir. Yeni alınan əsərlər içərisində Vinsentin 1888-ci ildə yaratdığı “Arlda körpü” (Lanqlua körpüsü) adlı əsəri Helenin ən sevimli əsərinə çevrilir və onu parlaq, büllur saflığına malik ən gözəl əsər adlandırır.
Helen fovizm, Alman ekspressionizmi, həmçinin dada və bauhaus kimi digər sənət cərəyanlarına maraq göstərmirdi. Futurizmlə bir qədər sonra tanış olması isə onun futurist rəsm əsərlərinin dəyərli nümunələrini öz kolleksiyasına daxil etməsini gecikdirmişdir. Özünün əsasən impressionistlərə maraq göstərməsinə baxmayaraq, bəzən məsləhətçisinin tövsiyəsi ilə öz çərçivələrindən kənara çıxaraq digər cərəyanlara aid rəsmləri də satın alırdı. Xuan Qrisin “Neft lampası ilə natürmort” və Piet Mondrianın “Tablo №1” əsəri bu qəbildən olan rəsmlərdir. Eyni zamanda kolleksiyasını genişləndirmək məqsədi ilə Hans Baldunq Grin kimi intibah dövrü rəssamlarının əsərlərini də satın alırdı. Rəssamın 1524-1525-ci illərdə yaratdığı “Venera və Amor” əsəri 1913-cü ildə Helen Kröller-Müllerin kolleksiyasına daxil edilərək onu zənginləşdirir.
1913-cü ildə Anton Haaqanın köhnə şəhər mərkəzində bina alır. Helen öz kolleksiyasının bir hissəsini həmin binada nümayiş etdirməyə başlayır. Binanın bir mərtəbəsində Pol Sinyak, Jorj Syöra, Teo van Risselberge və Odilon Redonun, digər mərtəbəsində isə Xuan Qris, Ogüst Herbin, Van der Lek və Piet Mondrianın əsərləri sərgilənirdi. Xüsusi bir mərtəbə isə Vinsent van Qoqun əsərləri üçün ayrılmışdır, hansı ki Helen bu əsərləri öz kolleksiyasının ürəyi hesab edirdi. Kröller Muzeyi adlanan bu sənət mərkəzi 1930-cu ilin ortalarınadək müasir sənət əsərlərinin toplandığı nadir yerlərdən birinə çevrilmişdir.
Kröllerlər 1909-cu ildən etibarən Veluvedə bir neçə torpaq sahəsi satın alır. 1915-ci ildən başlayaraq memar Hendrik Petrus Berlage, rəssam Bart van der Lek və heykəltəraş Josef Mendes da Kosta bu ərazilərdə bir neçə binanın layihələndirilməsi, onların interyerinin və ətraf ərazilərin landşaft dizaynı ilə məşğul olurlar. J.M.Kosta 1915-ci ildə Helenin yaxın dostu Cənubi Afrikada Bur müharibələrində komandir olmuş mərhum Kristian de Vetin monumental heykəlini hazırlamağa başlayır. Daha sonra kolleksioner Cənubi Afrikada mövcud olmuş Narıncı Respublikanın sonuncu prezidenti Martinus Steynə abidə ucaldılmasını sifariş edir. Bu cür sifarişlər sayəsində Helen Veluvedə park-landşaft sənət nümunələrinin yaradılmasının əsasını qurur.
1917-ci ildə o zaman 408 əsərdən ibarət olan Kröller kolleksiyasının ilk kataloqu çap olunur. Bir il sonra Helen Veluvedə muzey binasının layihəsinin hazırlanması üçün H.P.Berlagedən əlavə memar Henri van de Veldeni də əməkdaşlığa cəlb edir. Berlagenin 1918-ci ildə hazırladığı layihə həyata keçirilmir və o 1919-cu ildə şirkətlə olan müqaviləsinə xitam verir. H.Velde 1921-ci ildə möhtəşəm bir muzey binasının layihəsini Helenə təqdim edir. Lakin binanın büvövrəsi qoyulsa da, “Böyük Muzey”in tikinti işləri şirkətin maliyyə vəziyyətinə görə dayandırılır.
Bu illərdə Helen Haaqadakı Kröller Muzeyində mühazirələr təşkil edir, iştirakçıları öz kolleksiyası ilə tanış edir, onlarla realizm və idealizm haqqında öz düşüncələrini bölüşürdü. 1925-ci ildə isə mühazirələrindən ibarət kitab çap etdirir.
1927-ci ildə Helen kolleksiyasında olan əsərlərin digər ölkələrdə nümayiş olunması təklifini qəbul edərək Van Qoqun 140 qrafik və rəngkarlıq əsərini Bazel, Bern və Brüsselə göndərir. Daha sonra digər rəssamların müəllifi olduğu 400 əsər də əlavə olaraq seçilir və Almaniyanın bir neçə şəhərinin sərgi salonlarında tamaşaçı qarşısına çıxarılır. Kröllerlərin kolleksiyasına aid olan əsərlər 1935-1936-cı illərdə Amerikadakı sərgi salonları və muzeylərdə də sərgilənir.
Getdikcə şirkət bir neçə şəhərdə yerləşən idarəsini bağlamaq məcburiyyətində qalır. Müller&Co şirkətinin kredit borcları artaraq maliyyə vəziyyəti çətinləşir və ailə kolleksiyasını kreditorlardan qorumaq üçün 1928-ci ildə Kröller-Müller Fondunu yaradır. Vəziyyət o qədər qəlizləşir ki, əsər alışı minimuma endirilir, hətta Bremmerlə də müqavilə ləğv edilir. 1933-cü ildə Kröller Muzeyi fəaliyyətini dayandırır, orada yerləşən əsərlər isə yenə də ailənin Vassenaardakı villasına köçürülür. 1935-ci ildə isə bütün kolleksiyanı Niderland dövlətinə bağışlamaq qərarına gəlirlər, bu məqsədlə Niderlandın Elm,Təhsil və Mədəniyyət nazirini danışıqlar aparmaq üçün gələcək muzey binasına ayrılmış ərazidə görüşə dəvət edirlər. Lakin Kröllerlər Henri van de Veldenin layihələndirdiyi muzeyin sözügedən ərazidə tikilməsi şərti ilə əsərlərin dövlətə bağışlanacağını bildirirlər.
1936-cı ildə Anton Müller&Co şirkətindəki bütün hissələrini itirir və şirkəti tərk etmək məcburiyyətində qalır. Nəticədə əsərlərin yerləşdiyi villa kompaniyaya məxsus olduğu üçün Kröllerlərin əlindən alınır. Helen sonuncu dəfə burada əsərlərin sərgisini təşkil edir. Daha sonra isə kolleksiya hissə-hissə polis müşayiəti altında hər gün bir irihəcmli yük maşını vasitəsi ilə ailənin yaşadığı Müqəddəs Hubert ovçuluq köşkünə daşınır. “Böyük Muzey”in inşasına ümidini itirməyən Helen müvəqqəti olaraq maliyyə büdcəsi daha az olan, sadə bir muzey binası inşa etdirir, 1938-ci ildə bina artıq hazır olur. Ekspozisiyada Van Qoqun əsərlərini muzeyin əsəs hissəsində yerləşdirmiş, ona paralel zalları isə rəssamdan əvvəlki və sonrakı cərəyan nümayəndələrinin əsərləri ilə bəzəmiş Helen səhhətinin ağırlaşması səbəbindən arabada hərəkət etməsinə baxmayaraq muzeyin bütün işlərinə nəzarət etmək əzmində idi. Bu işdə ona yeni təyin olunmuş yardımçısı və gələcəkdə muzeyin ilk kuratoru hesab olunacaq Uilli Aupinq kömək edirdi. 1938-ci ilin iyun ayında muzeyin rəsmi açılışında Niderlandın Elm,Təhsil və Mədəniyyət naziri ilə yanaşı, dövrün bir sıra rəssamları da iştirak etmişdir. Beləliklə, 1938-ci ildə Niderlandın Otterlo adlı kəndində, hazırki Hoge Veluve Milli Parkı ərazisində yerləşən, Belçikalı memar, dizayner və Belçikada art nuvonun əsasını qoymuş rəssamlardan hesab olunan Henri Van De Veldenin layihələndirdiyi muzey fəaliyyətə başlayır.
Lakin Helen uzun müddət həsrətində olduğu muzeyindən az bir müddətdə həzz ala bildi. Həmin ilin dekabr ayında əsərlərinin zənginliyi ilə dövrünün ən böyük kolleksiyaçılarından biri hesab olunan Helen Kröller-Müller vəfat etdi. Ölümündən bir gün sonra onun cənazəsi toplanmasına ömrünün yarısını həsr etdiyi əsərlərin arasına gətirilir, daha dəqiq desək, sevimli rəssamı Vinsent van Qoqun “Dörd solğun günəbaxan” əsəri qarşısına qoyulur və beləcə Helen sonuncu dəfə yaratdığı muzeylə, sevimli əsərləri ilə vidalaşır. O, “Böyük Muzey”in bünövrəsinə yaxın bir ərazidə torpağa tapşırılır.
Hələ Helen sağlığında fövqəladə vəziyyət zamanı əsərləri qoruyub saxlamaq üçün bir sığınacaq tikilməli olduğunu israr edirdi. Onun bu istəyi II Dünya Müharibəsi zamanı həyata keçirilmişdir. Əsərləri hərbi artilleriyadan və hücumdan qorumaq üçün nəzərdə tutulmuş sığınacaq tez bir zamanda inşa olunaraq əsərlər həmin əraziyə yerləşdirilmişdir. 1944-cü ildə alman qoşunları Arnhem şəhəri üzərində qələbə qazanır və əhalinin buradan köçürülməsi üçün niderlandlılara 2 gün vaxt təyin edir. Bununla əlaqədar olaraq Qırmızı Xaç Cəmiyyətinin Niderland nümayəndəliyi Arnhem xəstəxanasındakı xəstələrin yerləşdirilməsində kömək göstərməsi üçün muzey rəhbərliyinə müraciət edir. Beləliklə, həmin dövrdə boş qalmış muzey zallarına, həmçinin Müqəddəs Hubert köşkünün bir hissəsinə yaralılar, onların qayğısına qalan həkimlər və tibb bacıları yerləşdirilir. 1945-ci ilin yayında Cerald Levenstonun rəhbərlik etdiyi Kanada qoşunu muzey ətrafını alman qoşunlarından qorumaq üçün həmin əraziyə yerləşdirilir. Otterloda sülh bərqərar olduqdan sonra əsərlərin sığınacaqdan muzey binasına daşınmasında da Kanada əsgərləri yardım edirlər və beləcə həmin ilin oktyabr ayında muzey yenidən fəaliyyətə başlayır.
Hələ müharibə illərində inşası yarımçıq saxlanılan muzeyin əlavə tikilisi yeni təyin olunmuş direktor Bram Hammaxerin rəhbərliyi altında 1952-ci ildə heykəl qalereyası təyinatı üzrə tamamlanır və bu dövrlərdə bir çox modern heykəltəraşlıq nümunələri satın alınaraq muzeyin məhz bu hissəsində yerləşdirilir. Daha sonra Hammaxer heykəl parkının yaradılması üçün məhsuldar şəkildə çalışır. Nəticədə 1961-ci ildə 300.000 m2 ərazini əhatə edən, Ogüst Roden, Henri Mur, Jan Dyubuffet, Mark di Suvero, Luço Fontana, Klas Oldenburq, Fritsia Votruba və digər heykəltəraşların əsərlərinin də yer aldığı, modern və çağdaş heykəltəraşlıq nümunələrindən ibarət Avropanın ən böyük heykəl parklarından biri hesab olunan açıq səma altında muzey sənətsevərlərin ixtiyarına verilir.
Muzeyin fəaliyyəti zamanı müxtəlif rəssamların əsərlərindən ibarət sərgilər keçirilmiş, eyni zamanda kolleksiyaya yeni-yeni əsərlər daxil edilmişdir. Kröller-Müller Milli Muzeyinə aid əsas nüanslardan biri muzeyin Vinsent Van Qoqun əsərlərinin sayına görə Amsterdamda yerləşən Vinsent Van Goq Muzeyindən sonra 2-ci yeri tutmasıdır. Muzey rəssamın “Kartofyeyənlər” (əsərin daha bir versiyası şəxsi kolleksiya-ya, əsas versiyası isə Amsterdamdakı Van Qoq Muzeyinin kolleksiyasına məxsusdur), “Kafe terrasında gecə”, “Dayə” kimi əsərlərinin də daxil olduğu 200 rəngkarlıq və 400 qrafik əsərdən ibarət kolleksiyasına malikdir. Qeyd edək ki, o dövrdə müvəqqəti olaraq rəhbər vəzifəsini icra edən kurator Uilli Aupinq “Kartofyeyənlər” əsərini əldə etmək üçün 1946-cı ildə onun sahibinə Van Qoqun “Aypara altında gəzən cütlük” əsərini vermiş və əlavə olaraq 2500 gilder ödəmişdir.
Hazırda muzeyin kolleksiyası təxminən 20 min sənət əsərindən ibarətdir və bu sənət mərkəzi Niderlandda ən çox ziyarət olunan yerlərdən biri hesab olunur.
Lalə Hacıyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı.