XƏBƏRLƏR
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə növbəti videokonfrans keçirilib.
Konfrans “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusuna həsr olunub.
Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə baş tutan konfransda bir çox vacib məqamlar müzakirə olunub.
Konfrans iştirakçılarından İstanbul Yeddi Təpə Universitetinin Gözəl sənətlər fakültəsinin professoru Teymur Rzayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən kurator, pedaqoq Mehbarə Abbasova, Səlcuq Universitetinin professoru İlham Ənvəroğlu, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli və başqaları digital platformada sənət əsərinin orijinallığının qorunması məsələsinə toxunublar.
Natiqlər muzey və qalereyaların onlayn rejimdə tamaşaçılara virtual, emosional təsiri və onlayn sərgilərdə məkan anlayışına yeni baxış kimi mövzular haqqında danışıblar.
Çıxışlarda digital incəsənətin insana təsirindən, yeni texnoloji imkanların, innovativ metodların incəsənətə tətbiqindən söz açıblar. Qeyd edilib ki, yeni imkanlar, yeni texniki vasitələr, yeni sənət anlayışları yaradır.
Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov yekunda konfransda səsləndirilən fikirləri, təklifləri dəyərləndirib. O qeyd edib ki, digitallaşan dünyada sərgi platformalarının virtuala keçməsi gələcəkdə öz tamaşaçı kütləsini və özünəməxsus zövq anlayışını formalaşdıracaq.