“Global message” adlı virtual sərgi keçiriləcək

20.05.2020 / Sərgilər
“Global message” adlı virtual sərgi keçiriləcək

Azərbaycan Rəspublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 22 may saat 16:00-da “Global message” adlı virtual sərgi keçiriləcəkdir.

Sərgi rəssam Zaur Kantemirov tərəfindən yaradılan plakatlar vasitəsilə bütün dünyanı təsiri altına alan koronavirus (COVID-19) pandemiyasından insanları qorumaq, karantin qaydalarına əməl etmək və orijinal yanaşmanı göstərmək məqsədi ilə həyata keçirilir.

Zaur İslam oğlu Kantemirov 28 avqust 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin, müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək bir çox layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb.

Zaur Kantemirov 1992-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

“Global message” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.