Sənət saxtakarlığı dünəndən bu günümüzə

22.07.2020 / Maraqlı məlumatlar
Sənət saxtakarlığı dünəndən bu günümüzə

Sənət saxtakarlığı dünəndən bu günümüzə

 

   Qədim sivilizasiyaların başlanğıcından bu vaxta qədər sənət əsərlərinə tələbat həmişə çox böyük olmuşdur. Dinlə bağlı olan ayinləri və ibadətləri reallaşdıra bilmək üçün çoxlu miqdarda heykəlciklər və müqəddəs əşyalar tələb olunurdu. Ayinlər zamanı istifadə olunan əşyaların orijinal nüsxələri isə az sayda idi. Beləliklə, qədim dövrlərə nəzər salsaq görərik ki, böyük əhəmiyyət daşıyan müqəddəs əşyaların, heykəlciklərin surətləri hazırlanırdı. Əvvəlcə insanlar bu obyektlərin istehsal üsullarını, üslublarını təqlid etməyi öyrənmişdilər. Sənətə tələbatın yüksək olduğu zamanda güclü Roma İmperiyasında bütün sənətçilər üçün əsas ilham qədim yunanların mirası idi. Yunan sənətinin bəzi şah əsərləri romalılar arasında xüsusi qayğı görürdü. Əvvəlcə yunan heykəllərinin surətləri hazırlanmışdı, ancaq varlı patrisilər nəyin bahasına olursa olsun orijinallara sahib olmaq istəyirdilər. Beləliklə, bəzi tacirlər saxtalaşdırma sənətini mükəmməl mənimsədikdən sonra surətlərini əsl qədim yunan heykəlləri adı altında varlılara satmışdılar. Bu isə tacirlərin özlərini qısa zamanda zənginləşdirməsi üçün əla fürsət idi. Beləliklə tarixdə saxtalaşdırma, saxta əsər yaratmaq sənəti inkişaf etməyə başladı. Sənət saxtakarlığının tarixi ümumiyyətlə min ildən çoxdur.

  Təbii ki, “surət” və “saxta əsər” anlayışlarını ayırmaq lazımdır. “Surət” sənətin işıqlı, məsum, “saxta əsər” isə qaranlıq üzüdür. Surət - məsələn, qədim zamanlardan bir çox təcrübəsiz sənətkar sənət əsərlərini necə yaratmağı öyrənmək üçün ustaların əsərlərinin surətlərini hazırlayırdı. Bəzi sənətkarlar hətta bu surətləri adi tədqiqat sayaraq məhv edirdilər, bəzən isə onları emalatxanada ya unudur, ya da tərk edirdilər. Lakin bütün bunlarla yanaşı hazırladığı surətləri pul qazanmağın bir yolu kimi görən və hər hansı bir məşhur əsərin adı altında satmaq məqsədi ilə yaradan sənətkarlar da mövcud idi. Ümumiyyətlə, sənət əsərinin surətini hazırlayan şəxsin məqsədi aldatma olduqda, adi surət “saxta”, “saxta əsər” halına gəlir.

  Bu sahədə sadalanan sənət saxtakarlarının sayı zamanla artmaqda davam edirdi. Kətanların və heykəllərin nüsxələrinin fırıldaqçılıq məqsədi ilə çoxaldılmasının ordusu yaranmış və avropa bunu əsl epidemiya adlandırırdı.

  Bir qayda olaraq çox istedadlı, lakin uğursuz sənətkarlar saxta rəsm əsərləri çəkməyə qərar verirlər. Dünyanın müxtəlif yerlərindən ecazkar sənət saxtakarları tarixdə iz qoymuşdurlar. XX - XXI əsrlərin sənət saxtakarları olaraq: holland- Han Van Meegeren, alman- Wolfgang Beltracchi, çinli- Pei Şen Qian, macar- Elmyr de Hori, ingilis- Thomas Patrick Keating, iran əsilli- Eli Sahai, Otto Wacker, ingilis- John Myatt və s.

  Han Van Meegeren-  XX əsrin əvvəllərində bu holland rəssam Peter de Hooch və Jan Vermeerin rəsmlərini məharətlə təqlid edərək bir sərvət əldə etmişdi. Van Megeeren sənət saxtakarlığı ilə təxminən otuz milyon dollar pul qazanmışdı. 1930-cu illərdə hollandiyalı rəssam Han Van Meegeren rəsminin tənqidçilər tərəfindən müsbət rəy alaraq yüksək qayğı görmədiyi üçün məyus olmuş, onlardan qisas almaq qərarına gəlmiş və sənətkar böyük bir fırıldaqçıya çevrilmişdir. Van Meegeren uzun müddət rəsmlərin bərpası ilə məşğul olmuş və eyni zamanda sənət tarixçilərinin bilmədiyi, böyük hollandiyalı Jan Vermeerin işləri haqqında dərin bilik əldə etməyə imkan verən Delftdə rəssamlıqdan dərs demişdir. O, dini mövzularda bir neçə rəsm əsəri yaratmaq və Vermeer əsərləri kimi qələmə vermək qərarına gəlmiş, bunun üçün rəngləmə texnikasını diqqətlə, incəliklərinə kimi öyrənmişdi. Lakin onun saxta sənət işləri bir-birinin ardınca ortaya çıxdı. “Sonuncu şam yeməyi”,  “Məsih və günahkar” və s. Hermann Georing və Almaniyanın digər yüksək vəzifəli şəxslərinə satdığı Vermeerin əsərlərinə görə Van Meegeren mədəni irsi almanlara satması və onlarla əməkdaşlıq etməsilə günahlandırılmışdı. Çətin vəziyyətlə üzləşən rəssam Meegeren etiraf etmişdir ki, Jan Vermeerin adı altında satdığı bütün əsərləri özü yaratmışdı. Və saxta əsərləri nasistlərə satmasını vətənpərvərlik aktı kimi qələmə vermişdir. Bütün bunlara baxmayaraq Meegeren bir il həbs cəzasına məhkum edilmiş, bu müddət ərzində yaşadığı stress isə vaxtından əvvəl ölümünə səbəb olmuşdur.

   Elmyr de Hori- macar rəssam, tarixin ən uğurlu sənət saxtakarlığı ustalarından biridir. 1947-ci ildə sənətçi Macarıstandan New Yorka köçmüş və burada gəlirini artırmışdır. II Dünya Müharibəsi başa çatdıqdan sonra və 1960-cı illərin sonlarına qədər de Hori minlərlə saxta rəsm əsəri satmağı bacarmışdır. Əsərləri bir çox muzeylərdə sərgilənmiş və kuratorlar bu əsərlərin böyük ustalar tərəfindən yaradıldığına inanırdılar. Rəssamın öz əsərləri heç vaxt uğurlu olmasa da, orijinaldan fərqlənməsi çətinlik törədən digər ustadlara aid olan hazırladığı rəsm əsərlərinin surətləri demək olar ki, dərhal satılırmış. Hazırladığı əsərlərin saxta görünməməsi üçün çox vaxt sərf edərək, ən xırda detallara diqqətlə yanaşarmış. Ancaq karyerasının başlamasından iyirmi il sonra de Hori saxta hazırlıqları dayandırmaq məcburiyyətində qaldı. Karyerası boyu rəssam minlərlə saxta sənət əsəri satmışdır.

  Thomas Patrick Keating- ingilis sənətkar və bərpaçı 100-dən çox fərqli sənətçinin 2000-dən artıq rəsmini saxtalaşdırmış və onun saxta sənət əsərləri bir çox qalareya və muzeylərə yayılmışdır. İllərdir sənət satıcılarına və varlı kolleksiyaçılara Pieter Bruegel, Jean-Baptiste Chardin, Thomas Gainsborough, Peter Paul Rubens və digər məşhur fırça ustalarının əsərlərinin əla nüsxələrini satmışdır.  Onun ümumi mənfəəti bu günün dəyərində 10 milyon dollardan çox olmuşdur. Keating müasir sənət sistemini “çürük və pis” adlandırırmış, bunun səbəbi isə onun sosializmin tərəfdarı olması idi. Həmçinin rəssam acgöz tacirlərə, tənqidçilərə etiraz olaraq əsərlərdə qəsdən kiçik qüsurlar yaratmış və kətana boya tətbiq etməzdən əvvəl “saxta” yazısını əlavə edirmiş. Keating sənətkarlığı ilə bağlı bütün reallığı ətraflı şəkildə 1970-ci ildə “The Times” jurnalında müsahibə verərək etiraf etmişdir. Məhz onun səmimi etirafları və sağlamlıq vəziyyətiylə əlaqədar olaraq, digər səslənişimizlə Tom Keating, həbs müddətinin uzadılmasından azad edilmişdir.

  Wolfgang Beltracchi- usta bir sənət saxtakarı və alman sənətçisi, rəssamdır. Milyonlarla avro dəyərində yüzlərlə rəsm əsərini hazırlamış Beltracchi həyat yoldaşı Helene ilə birlikdə məşhur sənətçilərin, o cümlədən Maks Ernst, Heinrich Campendonk, Fernand Léger və Kees van Dongenin əsərlərinin nüsxələrini müəlliflərin üslubunda şah əsərlər kimi yaratmış və sənət saxtakarlığından olduqca yüksək miqdarda gəlir əldə etmişdir. Fırıldaqçılıq sahəsində 14 əsərini 45 milyon dollara satsa da , sənət saxtakarlığı ona ümumi 100 milyon dollardan çox qazandırmışdır. Beltracchinin ən uğurlu saxta əsəri “Maks Ernstin Meşəsi”dir. Rəssam bu və daha 13 əsərinin saxta olduğunu 2011-ci ilin payızında özü etiraf etmişdir. Bu işdə rəssama kömək edən həyat yoldaşı Helene və bacısı Jeannette olmuşdur. 2011-ci ildə edilən etirafdan sonra, Beltracchi altı il, Helene dörd il, Jeannette isə bir il yarım həbs edilmişdir.

  Pei- Shen Qian- 1981-ci ildə Amerikaya gəlmiş, on il ərzində Manhettendə əsərlərini sataraq tanınmış çinli bir sənətkar idi. Onun sənət dünyasında ilk addımları günahsız başlamışdır. Vətənində- Çində, sədri Maonun portretlərini çəkirdi. Onun əsərləri müəyyən zaman sonra ispan sənət satıcıları tərəfindən fərq edilmişdi. 1980-ci ildə Jose Carlos Diaz və Jesus Angel qardaşları Qianın rəsmlərindəki detallara diqqət çəkdi. Pul qazanmanın asan yolunu axtaran ispan qardaşlar məşhur sənət əsərlərinin saxtalaşdırılmasına yol verdilər. Köhnə kətan, boya, və süni şəkildə köhnəldilmiş parçalar on il ərzində alıcıları və mütəxəssisləri aldatmağı bacarmışdır. Aparılan araşdırmalara görə Qian və onun bu yoldakı silahdaşları nəticədə 80 milyon dollar qazanc əldə etmişdilər. Lakin 1990-cı ildə onların sxemi ortaya çıxmış, ispan qardaşlar həbs edilmişdir. Pei- Shen Qian isə milyonlarla dollar ilə Çində gizlənmişdi.

  Eli Sahai- rəssam olmasa da, sənət saxtakarlığı üzrə ticarəti sənət dünyasının ən pis tərəflərinə işıq salmışdı. İran əsilli Amerika sənət satıcısı, bu iş üçün bir neçə sənətçini, rəssamı işə götürmüşdü. O, Nyu-Yorkdakı ən yüksək səviyyəli bir sənət qalereyasına sahib idi və həbs olunmasından öncə 20 ildən çox saxta sənət əsərləri satdığı iddia olunurdu. Sahai hörmətli auksion evlərində Renoir və Gauguin kimi tanınmış sənətkarların əsl sənət əsərlərini qanuni yollarla əldə etmiş, sonra orijinallığı təsdiq edilmiş, sənədləri olan saxta əsərləri satmışdı. Tanınmış rəssamların əsərləri çox zaman orijinallığı təsdiq edilmədən satılırmış. Bunu fürsət bilən Sahai eyni əsərin nüsxələrini orijinal adı altında tez-tez fərqli müştərilərə satırmış. 2005-ci ildə Sahai günahını etiraf etmiş və üç il yarım müddətinə azadlıqdan məhrum edilmiş, 12.5 milyon dollar cərimə olunmuş, həmçinin surətləri çıxarılan 11 həqiqi sənət əsərinə əl qoyulmuşdur.

  Otto Wacker- Saxta sənət əsərlərinin yaradılmasında qardaşı, rəssam və bərpaçı Leonhard Wacker ilə birlikdə çalışmış və 1925-ci ildə artıq Otto saxta sənət satıcısı olmuşdur. Auksionlarda Vincent Van Qoqun əsərlərinin mütəmadi olaraq milyonlarla dollara satıldığı məlumdur. Onun rəsmləri o qədər dəyərli idi ki, almaniya vətəndaşı Otto Wacker Van Qoqun əsərlərinin saxta nüsxələrini yaradaraq 1927-ci ildə  böyük bir fırıldaqçılıq təşkil etmişdir. Wacker 33 Van Qoq əsərinə sahib olduğunu eşitdirdikdə, satıcılar növbəyə düzülmüş və sonrakı beş il ərzində bir sıra mütəxəssislər, kuratorlar bu rəsmləri araşdırmış və yalnız 1932-ci ildə əsərlərin saxta olduğunu müəyyən etmişlər. Təhlil aparmaq üçün bu qədər vaxt lazım olmasının səbəbi isə kimya sahəsindəki son inkişafları ətraflı mənimsəmələri və saxta sənət işində dəqiqliklə tətbiq etmələri olmuşdu.  

  John Myatt- ingilis rəssamın şəxsi həyatında baş verən hadisələr onu bu yolda addımlamağa təşviq etmişdir. John məktəbdə rəsm müəllimi idi. Yoldaşının onu tərk etməsi və iki uşağı ilə qalması, həmçinin maddi vəziyyətinin qanaetbəxş olmaması onu həyatını dəyişmək üçün müəyyən qərarlar qəbul etməyə sövq edir. Bu zaman John bir neçə il əvvəl bir dostunun tələbi ilə fransız Dafinin şəklinin bir surətini hazırladığını, və işinin olduqca uğurlu olub mütəxəssisləri yanıltmağı bacardığını xatırlayır. Myatt satirik bir qəzetdə XIX - XX əsrlərə aid əsərlərin surətini orijinaldan seçilməyəcək qədər dəqiq  hazırlaya biləcəyi haqda elan verir və hər bir əsəri 150 funt dəyərində qiymətləndirir. Beləliklə bu işə dürüst bir şəkildə surət hazırlayacağını deyərək başlayan rəssam, müştərisi Drew ilə tanış olduqdan sonra sənət saxtakarına çevriləcəyini bilmirdi.  Sifarişi bitirdikdən sonra əməkdaşlığının bitəcəyini düşünürdü. Ancaq iki-üç həftədən sonra Drew  onun hazırladığı surətləri auksionun mütəxəssislərinə göstərdiyini və onlar üçün 25 min funt-sterlinq təklif etdiklərini söyləmişdi. Drew bu rəsm əsərlərini satmağa və 12.5 min funt-sterlinq almağa razı olub olmadığını soruşmuşdu. Bu, Johnun maddi vəziyyətini yaxşılaşdırmaq üçün əldən verə bilməyəcəyi bir fürsət idi. Niyə də yox? Və beləcə o cinayətkar olmuşdur. Myatt sənətkarların imzalarını ustalıqla saxtalaşdırmağı öyrənmişdir. Drew isə davamlı olaraq saxta rəsm əsərlərinin satışı ilə məşğul olmuşdur. 1985-ci ildən 1993-cü ilə qədər Myatt 200-ə yaxın rəsm əsəri çəkmişdir. Drew rəsmləri saxta sənədlərlə təmin etmiş və nə auksion mütəxəssisləri, nə qalereya sahibləri, nə də kolleksiyaçılar onların həqiqiliyinə şübhə etməmişdilər. 1994-cü ilin sonunda tərəfdaşlar arasında münasibətlərdə pozulma olmuş, Myatt monoton işdən bezməyə başlamışdı. Saxta əsərlər hazırlamaqdan səmimi şəkildə peşman olmuşdur. Drew və John Myatt saxta rəsm satmaq və sənədləri saxtalaşdırmaq ittihamı ilə polis tərəfindən həbs edilmiş və fırıldaqçı Drew altı il, John Myatt altı ay həbs cəzasına məhkum edilmişdi. Myatt sərbəst buraxıldıqdan sonra qərara gəlmişdi ki, bir daha rəsm çəkməyəcək, ancaq müəyyən vaxt sonra bir polis zəng etmiş ailəsi ilə birlikdə portretini hazırlamaq üçün sifariş qəbul etməyə razı olub olmadığını soruşmuş və yaxşı pul təklif etmişdir. Myattı çox yaxşı bir sənətkar olduğuna və yalnız səhv etdiyinə görə rəsm çəkməkdən imtina etməməyinə inandırmışdır. Sənətkar daha sonra qanuni yollarla “orijinal surətlər” şirkəti yaratmış və əsərlərinin sərgilərini, satışlarını təşkil etmişdir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Lamiyə Fərzəliyeva