Azərbaycan rəssamlarının vahid informasiya bazasının və Dövlət Rəsm Qalereyasının saytının təqdimatı oldu

27.10.2017 / Konfranslar, İclaslar
Azərbaycan rəssamlarının vahid informasiya bazasının və Dövlət Rəsm Qalereyasının saytının təqdimatı oldu

Oktyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşkilatçılığı ilə Muzey Mərkəzində “Azərbaycan rəssamlarının vahid informasiya bazası” elektron resursunun və ADRQ-nın www.azgallery.az saytının təqdimatı keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təsviri sənət ustalarımız haqqında informasiya bazasının və ADRQ-nın www.azgallery.az saytının yaradılması münasibətilə rəssamları təbrik etdi, ölkəmizin incəsənətinin təbliği yolunda bu işin böyük önəm daşıdığını söylədi.

Nazir müavini qalereyanın yaranması tarixinə nəzər salaraq bildirdi ki, ADRQ 1972-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılıb. Nazirliyin vəsaiti hesabına son illərdə fondda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanıb. İndi qalereyanın fondlarında 9500-dən çox əsər var.

Diqqətə çatdırıldı ki, son 10 ildə Azərbaycanın xarici ölkələrdəki 20-dən çox  səfirliyinə 250-dən artıq rəsm əsəri verilib. Həmin əsərlər səfirliklərin binasında asılır, eləcə də ölkəmizlə bağlı keçirilən önəmli günlərdə, tədbirlərdə sərgilənir. Üstəlik, 2-3 ildən bir həmin əsərlər yeniləri ilə əvəz olunur.

Ədalət Vəliyev qeyd etdi ki, nazirlik il boyu 40-a yaxın sərgi keçirir. Belə sərgilərdə daha çox ADRQ-nin fondlarında olan əsərlərə müraciət edilir. Bütövlükdə isə özəl qalereyaların təşkil etdikləri sərgilərlə birlikdə bunların sayı lap çoxdur. O, qalereyanın gələcəkdə müasir infrastrukturlu bina ilə təmin ediləcəyini vurğuladı.

Nazir müavini bundan öncə teatr sənəti ilə bağlı belə bir saytın istifadəyə verildiyini, bu gün təqdim olunan saytın gələcəkdə daha da təkmilləşəcəyini söylədi. Həmçinin “Azərbaycan rəssamları” ensiklopediyasının hazırlanmasının vacibliyi qeyd olundu.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov saytı geniş ekranda iştirakçılara təqdim etdi, saytdakı hər bir bölmə haqqında bilgi verdi. Burada ən diqqətçəkən məqamlardan biri “Azərbaycan rəssamlarının vahid informasiya bazası”nda hər bir rəssam haqqında məlumatla bərabər əsərlərinin də təqdim edilməsidir. Hələlik 250-dən artıq rəssam haqqında bilgi toplanıb, gələcəkdə elektron resurs daha çox rəssamı əhatə edəcək.

Bildirildi ki, qalereya aidiyyəti sahədə mədəniyyət siyasətinin həyata keçirilməsində iştirak edir, eləcə də təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud durumu və perspektivləri haqqında analitik materiallar hazırlayır. Bundan başqa, qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışını həyata keçirir.

Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək təsviri sənət ustaları haqqında vahid elektron informasiya bazasının yaradılmasını yüksək dəyərləndirdilər, bu işin milli rəssamlığımızın dünyada tanıdılmasında böyük rol oynayacağını diqqətə çatdırdılar.

Sonda informasiya bazasının və saytın materiallarının toplanmasında göstərdikləri xidmətə görə ADRQ-nin əməkdaşları təşəkkürnamə ilə təltif edildilər.