Əməkdar rəssam Rafael Abasov vəfat edib

03.12.2020 / Mühüm hadisələr
Əməkdar rəssam Rafael Abasov vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Rafael Abasov 2020-ci il dekabr ayının 3-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1968-1974-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında çəkilmiş əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr vermişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm, mədəniyyət və siyasi xadimlərinin (“Ulu öndər Heydər Əliyevin portreti”, “M.Abbasovun portreti”, “E.Aslanovun portreti”, “F.Poladovun portreti”, “Bahar təranəsi”) portretlərini ustalıqla yaratmağa nail olmuşdur. Ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi” adlı əsərlərini xüsusi qeyd etmək lazımdır.
Rəssamın süjetli tablolar, natürmort və mənzərələri xüsusi ifadəliyi, poetikliyi ilə seçilir. Bunlar sırasında “Təmirçilər”, “Buruq ustası”, “Kəndli oğlan”, “Lahıc misgəri”, “Şəki bazarı”, “Nehrəm ağsaqqalları”, “İsmayıllı.Çayxana”, “Payız”, “Meşə mənzərəsi”, “Dəniz sahili”, “Abşeronda”, “Günorta”, “İsmayıllı mənzərəsi”, “Qala kəndi”, “Bilgəh”, “Xəzər sahili”, “Beşbarmaq motivi”, “Lahıc qabları ilə natürmort”, “Keramik qablar”, “Mis qablar”, “Natürmort”, “Armudlar”, “Güllər”, “Ağ güllərlə natürmort”, “Mis dolça ilə natürmort”, “Yaz gülləri”, “Mis qab və armudlar” və s. əsərlərin adlarını qeyd etmək olar.
Rəssamın fərdi sərgiləri 1995-ci ildə ABŞ-da (Boston), 1997-ci ildə Avstriya və Almaniyada, 2013-cü və 2019-cu illərdə isə Bakıda keçirilmişdir.
Onun əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarus, Rusiya qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Rafael Abasov 1978-ci il də Azərbaycan və SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. O, 2006-cı il də “Azərbaycan Respublikasının Əməkdar Rəssamı” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamın vəfatıyla bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!