Xocalı faciəsinə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi açılıb

25.02.2021 / Sərgilər
Xocalı faciəsinə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi açılıb

24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi açılıb. 

 

Sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücaətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

Sərginin virtual ekspozisiyasında Nazim Məmmədovun “Dağılmış Məkan”, Bayram Qasımxanlının “Xocalı”, Cəmil Quliyevin “Xocalı qaçqını”, Mirzəağa Qafarovun “Xocalı”, Nazim Rəhmanovun “Fəryad”, Elşən Hacızadənin “Erməni vəhşiliyi”, Rafael Muradovun “Faciələrimiz” adlı Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər, eyni zamanda, “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştrakçılarının bəzi işləri nümayiş olunub.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Virtual sərgi 27 fevral tarixinə kimi davam edəcəkdir.