Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərginin açılışı baş tutmuşdur.

10.11.2017 / Yubileylər
Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərginin açılışı baş tutmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il noyabr ayının 10-da Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərginin açılışı baş tutmuşdur. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənir. 

Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, M.Zeynalov 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun qrafika sənəti fakültəsini bitirib. O, 70-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yeniliyi və daimi axtarışları ilə seçilir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

Qeyd edilib ki, M.Zeynalov Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” mənzərələrini yaradıb. “Hindistan silsiləsi”nə, həmçinin bir sıra qadın portretləri - “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir. Onun “Yaz bağı” adlı əsəri 1989-cu ildə Xəzəryanı ölkələrin rəssamlarının Bakıda keçirilmiş bienallesində bürünc medala layiq görülüb. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və digər şəhərlərdə nümayiş olunub. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda onun dəyərli əsərləri qorunub saxlanılır.

M.Zeynalov çıxış edərək onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib.Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər yer alıb.

Xatırladaq ki, sərgi noyabrın 15-dək davam edəcəkdir.