“Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutub

08.05.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutub.

Ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrenilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib. 

Görüşdə Ərzuman Paşayev bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları və ustad dərsə canlı qoşulan digər izləyicilərlə bölüşüb, öz portfoliasını təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.     

Xatırladaq ki, rəqəmsal incəsənətlə erkən yaşlarından məşğul olan Ərzuman Paşayev bir çox cizgi film və reklama illüstrasiyalar, Azərbaycanın milli filmlərindəki obrazlara komikslər çəkmişdir.  

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları, həmçinin digital incəsənətə maraq göstərən izləyicilərin iştirakı ilə baş tutub.  

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.