“Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner Rəsul Həsən tərəfindən ustad dərsi keçirilib.

17.05.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner Rəsul Həsən tərəfindən ustad dərsi keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi baş tutub.    

Ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə keçirilib.

Görüşdə Rəsul Həsən qrafik dizayn sahəsində tətbiq edilən yeniliklər, bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları ilə bölüşüb, qrafik dizaynerin təkamülü və vizual kommunikasiya mövzularında çıxış edərək izləyicilərin suallarını cavablandırıb.  

Xatırladaq ki, Rəsul Həsən 2004-cü ildən vizual incəsənətlə məşğul olmağa başlamışdır. O, 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dizayn” ixtisası üzrə təhsil almışdır. 2009-cu ildən “PeopleBrands”, “McCann Baku”, “Cool Agency”, “Meteor” kimi bir çox yerli reklam agentliklərində qrafik dizayner olaraq çalışmışdır.      

Rəsul Həsən  2012-2014-cü illərdə “Netty” və “MilliNet” mükafatlarına layiq görülmüşdür. Rəssamın 2015-ci ildə "Düha", 2018-ci ildə "Düha 2" adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil edilmişdir. O, həmçinin 2015-ci ildən mütəmadi olaraq keçirilən "Azerbaijan Design Forum"unun təşkilatçısı, brendinqdən bəhs edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir.

Görüşün yekununda qrafik dizayner Rəsul Həsən Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən və rəqəmsal incəsənətin inkişafına təkan verən “Digitalart-lab” layihəsinin ölkəmiz üçün vacibliyini qeyd elədi.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.