“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçirilib.

26.05.2021 / Festival
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində 16-21 yaş kateqoriyası üzrə olan uşaqlar üçün plener keçirilib.

Tdbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq plenerin əhəmiyyətindən danışıb. Xətai Rayon İcra Hakimiyyətinin mədəniyyət şöbəsinin müdiri Pənah İmanov Vətən müharibəsində rəşadətli Ordumuzun qələbəsindən danışıb və rayonunda baş tutan mədəni tədbirlərdən məmnunluğunu bildirib. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli çıxış edərək uşaqlar və yeniyetmələr üçün keçirilən bu kimi tədbirlərin gənc nəslə olan təsirindən danışıb.

Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilib.

Tədbirin sonunda  festivalın bu yaş kateqoriyası üzrə qalibləri müəyyənləşib.  

I yer - Quluyev Eşqin

II yer - Aytən Məmmədova

III yer - İbrahimzadə Nərgiz