“Art Management” layihəsi çərçivəsində növbəti vebinar incəsənət əsərlərinin istehsalı və satışı mövzusuna həsr olunub.

07.07.2021 / Mühazirələr
“Art Management” layihəsi çərçivəsində növbəti vebinar incəsənət əsərlərinin istehsalı və satışı mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçirilib.

“Zoom” tətbiqi vasitəsilə keçirilən təlimi kurator, sənətşünas Fərəh Ələkbərli aparıb.

Layihə çərçivəsində baş tutan təlimdə Fərəh Ələkbərli iri miqyaslı sənət nümunələrinin, xüsusilə müasir incəsənətə aid olan əsərlərin istehsalı prosesindən, əsərin qiymətinin formalaşmasına təsir edən amillərdən söz açıb. O, qeyd edib ki, incəsənət bazarında əsərin yerli və beynəlxalq sərgilərə çıxarılmasından öncə sığortalanması vacib amil kimi dəyərləndirilir. O, çıxışında “Art management”sahəsinin formalaşmasında bir çox faktorların əsas götürüldüyünü, rəssamların qalereyalar ilə birgə əməkdaşlığının bu prosesi sürətləndirdiyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, “Art Management” layihəsi çərçivəsində vebinarlar rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə keçirilir.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.