“Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar baş tutacaq.

29.10.2021 / Mühazirələr
“Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar baş tutacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 noyabr 2021-ci il saat 16:00-da “Art Management” layihəsi çərçivəsində “Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar baş tutacaq.

Layihə çərçivəsində baş tutacaq təlim sənətşünas Sevil Kərimova tərəfindən  keçiriləcək.

Kərimova Sevil Əlifəttah qızı 27 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olub. O,1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünas” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2016-cı ildə “Azərbaycan-İtaliya mədəni əlaqələri” mövzusunda dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2001-2007-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində elmi işçi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, 2008-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2 monoqrafiya, ali məktəblər üçün proqramlar, 40-dan çox elmi məqalənin müəllifidir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə "Rəssamlıq" fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir.

Qeyd etmək lazımdır ki, “Art Management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Art Management” layihəsi çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesablarından izləmək mümkündür.