Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi anılıb.

03.11.2021 / Sərgilər
Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi anılıb.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə noyabrın 3-də Muzey Mərkəzində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş rəssamın zəngin irsini, yaradıcılığını, həyat və sənət fəaliyyətini geniş təbliğ etmək, onun əziz xatirəsini yad etmək məqsədilə reallaşıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbir qonaqlarını salamlayaraq görkəmli rəssam Böyükağa Mirzəzadənin məhsuldar yaradıcılığı haqqında söz açıb. O, qeyd edib ki, rəssam çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərləri ilə Azərbaycanın mədəniyyətinə zəngin miras qoyub.

Rəssamın fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuş və o, dövrünün yüksək orden və medalları, Fəxri adları ilə təltif olunmuşdur.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Vaqif Muğallı rəssamın həyat və yaradıcılığına həsr olunan təqdimatla çıxış edib.   

Tədbir Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilib.