“Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılıb

05.11.2021 /
“Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Bakı Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində Zəfər Günü münasibətilə “Qələbə hünəri” adlı sərgi açılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin 44 günlük Vətən Müharibəsinə, rəşadətli Azərbaycan Ordusuna həsr olunduğunu, rəssamlarımızın tariximizin şanlı zəfərinə öz yaradıcı münasibətlərini, əsərlərində qələbəni əbədiləşdirmək məqsədilə yeni axtarışlarını alqışladığını qeyd edib. 

Sərgidə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Səmədağa Cəfərov, Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və rəssam Yusif Mirzə sərgidə nümayiş edilən sənət əsərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Sərgiyə 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunub və 39 müəllifin 45 əsəri sərginin ekspozisiyasında sərgilənmək üçün seçilib. 

Sərgi noyabrın 12-dək davam edəcək.